...

Abid Şərifov: İKT sektoru Azərbaycanda prioritet sahədir (FOTO-2)

Telekommunikasiya Materials 6 Noyabr 2012 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir H.Vəliyev/

Bakıda İnternet İdarəçilik Forumunun (IGF) keçirilməsi Azərbaycanda informasiya cəmiyyətinin inkişafı üzrə yürüdülən siyasətin səmərəli nəticələrinin tanınmasıdır. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov çərşənbə axşamı forumun açılışında bildirib.

Onun sözlərinə görə, İKT sektoru Azərbaycanda prioritet sahədir və dövlət başçısının diqqət mərkəzindədir.

"Dövlət başçısının qəbul etdiyi qərarlar sayəsində bu sektor, habelə dövlət idarəçiliyi sistemində İKT-nin tətbiqi, eləcə də respublika əhalisinə elektron xidmətlərin göstərilməsi intensiv inkişaf edir. Forumda davamlı iqtisadi və sosial inkişaf üçün müzakirə olunan internet idarəçiliyi problemi internetin qloballaşan dünyamızda rolunu açıq şəkildə nümayiş etdirir, forumun vacibliyini vurğulayır, internet idarəçiliyi məsələlərinə geniş marağın yaranmasına səbəb olur", - Şərifov bildirib.

Baş nazirin müavininin qeyd etdiyi kimi, bunu forumda dövlət orqanlarını, biznes strukturlarını və ictimai təşkilatları təmsil edən çoxsaylı iştirakçıların olması təsdiqləyir.

"Son illər Azərbaycan fəal surətdə inkişaf edir. Ölkədə İKT-nin yaratdığı imkanlardan, xüsusilə internetdən geniş istifadə olunur. Bunun sayəsində internet xidmətlərindən istifadə edilməsi mümkün olub, onlardan istifadə texnologiyaları genişlənib və istifadəçilərin sayı artıb", - Şərifov bildirib.

Onun sözlərinə görə, məhz beynəlxalq səviyyədə sıx qarşılıqlı əməkdaşlıq qlobal dünyanın inkişafı problemləri ilə bağlı bir çox məsələlərin, həmçinin internetin tənzimlənməsi məsələlərinin həllində nəticə əldə etməyə qadirdir.

"Bununla yanaşı, internetin terrorizmin, dini, irqi, mədəniyyətlərarası dözümsüzlüyün, separatçılığın və başqa təzahürlərin yayılması alətinə çevrilməsi yolverilməzdir", - Baş nazirin müavini deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti