...

Deputat: Cenevrə danışıqlarından sonra Brüsseldəki təxribat sülh prosesinə zərbə endirmək cəhdidir

Nəzər nöqtəsi Materials 20 Oktyabr 2017 15:55 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Ermənilər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesinə pozmaq üçün təxribatlar edirlər. 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə keçirilən Avropa ermənilərinin 4-cü “konqresi” də bu fəaliyyətin tərkib hissəsidir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Elman Nəsirov deyib.

Millət vəkili bildirib ki, erməni lobbisi bu cür hərəkətləri ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı günahkar çıxartmaq istəyir: "Onlar çalışırlar ki, Azərbaycanı sülh prosesinə mane olan kimi tanıtdırsınlar. Ona görə də bu istiqamətdə müxtəlif təxribatlar törədirlər. Amma bu halların qarşısı alınır və ermənilərin niyyətləri boşa çıxır".

E.Nəsirov qeyd edib ki, ermənilər bu hərəkətləri ilə Cenevrə danışıqlarını pozmağa cəhd edirlər: "Ermənistan rəsmiləri öz çirkin əməllərini gizlətmək üçün Azərbaycanı ittiham etməyə çalışırlar. Ermənilər bununla da bir daha sübut edirlər ki, danışıqlarda razılığa gəlmək, problemi həll etmək niyyətləri yoxdur. Cenevrə danışıqlarından sonra ermənilərin bu cür təxribatlara əl atmalarının məqsədi danışıqlara, sülh prosesinə zərbə endirməkdir. Onlar bu hərəkətləri ilə beynəlxalq ictimaiyyətin fikirlərini çaşdırmağa cəhd edirlər".

Qeyd edək ki, 18-19 oktyabr tarixlərində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib. Konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsinə cəhd olub. İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, qondarma rejim “nümayəndələri”nin tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti