Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda bu gün manatın məzənnəsinin ucuzlaşması üçün heç bir makroiqtisadi, maliyyə və digər amillər mövcud deyil.
Bunu Trend-ə Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.
O bildirib ki, 2018-ci ilin birinci rübünün yekunlarına əsasən makroqtisadi göstəricilər, eləcə də Mərkəzi Bankın qızıl-valyuta ehtiyatlarının həcmi ölkədə manatın ucuzlaşması üçün fundamental amillərin olmamasını təsdiq edir.
ABA sədrinin sözlərinə görə, manatın kursuna təsir edən əsas amillərdən biri olan neft qiymətləri də bu gün üçün sabitliyini saxlayır.
O əlavə edib ki, bu gün banklar da adi rejimdə işini davam etdirir:
“Əhalinin xarici valyutaya olan tələbatı tam təmin olunur, bəzi banklarda hətta təklif tələbi üstələyir. Bu onu ifadə edir ki, bu gün ölkədə xarici valyutanın bahalaşması üçün heç bir zəmin yoxdur”.