...

Deputat: Anti-Azərbaycan qüvvələrin mülahizələri Böyük Britaniya və Azərbaycan münasibətlərinin ruhuna yaraşmır

Nəzər nöqtəsi Materials 13 May 2019 20:56 (UTC +04:00)
Böyük Britaniya Xarici İşlər Nazirliyi də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür
Deputat: Anti-Azərbaycan qüvvələrin mülahizələri Böyük Britaniya və Azərbaycan münasibətlərinin ruhuna yaraşmır

Bakı. Elçin Mehdiyev - Trend:

Böyük Britaniya Xarici İşlər Nazirliyi (XİN) də daxil olmaqla bir sıra instansiyalar idmana heç bir aidiyyəti olmayan, qərəzli və reallıqdan uzaq subyektiv mülahizələr irəli sürür və beynəlxalq ictimaiyyətə bu mühüm idman tədbirinin Azərbaycanda keçirilməsinin məqsədəuyğun olmadığı barədə rəy formalaşdırmağa çalışırlar. İlk növbədə, bu, obyektiv deyil və Böyük Britaniya və Azərbaycan münasibətlərinin ruhuna yaraşmır.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasından olan millət vəkili Hikmət Babaoğlu deyib.

Millət vəkilinin sözlərinə görə, Qərb də daxil olmaqla, bütün dünya ilə müqayisədə Azərbaycan kriminogen vəziyyətə görə ən sabit ölkələrdən biridir: "Bəyanatda adı çəkilən oğurluq, dələduzluq hallarına Azərbaycanda rast gəlinmir və etik davranışla bağlı heç bir problem yoxdur. Mən düşünürəm ki, bu məsələdə siyasi köklərə enmək lazımdır. Anti-Azərbaycan qüvvələrin dəst-xətti burada aydın şəkildə görünür. Azərbaycanda həmişə mühüm beynəlxalq tədbirlər keçirilən zaman və yaxud belə tədbirlər ərəfəsində bu qüvvələr Azərbaycana qarşı bir qarayaxma kampaniyasına başlayırlar. Diqqət etsək görəcəyik ki, bu cür kampaniyalar qərəzlidir və heç bir əsası yoxdur".

Deputat qeyd edib ki, Londonla Bakıda baş verən kriminal hadisələri rəsmi statistikaya əsalanaraq müqayisə etməyə çalışsaq, görəcəyik ki, vəziyyət heç də Böyük Briyaniya XİN-in bəyanatında olduğu kimi deyil, tam əksinədir: "Bu ölkənin paytaxtında baş verən cinayətlər hər min nəfər adam payına düşən rəqəmlərə görə Bakıdan ən azı on dəfə çoxdur. Belə olduqda rəsmi Londonun Bakını ittiham etməyə mənəvi haqqı çatmır. London polisinin rəsmi veb-səhifəsində bildirilir ki, bu şəhərdə 2017-ci ildə 824.704 cinayət faktı qeydə alınıb ki, onların da 225.247-si oğurluqla bağlıdır. Bakıda isə bu göstərici 7.898-dir. Bununla yanaşı, Londonda 175.348 dələduzluq, 103.918 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Bakıda isə həmin ildə 3.856 dələduzluq, 1.753 yol-nəqliyyat hadisəsi cinayəti baş verib. Bu halda Böyük Britaniya Xarici İşlər Nazirliyi hansı əsasla Azərbaycanı kriminal hadisələrin çox olması ilə ittiham edə bilər? Mən bunu dövlətin rəsmi məlumatı kimi təqdim etmək istəmirəm. Amma bütün hallarda bu, obyektiv deyil".

Ölkəmizə gələn turistlərin qarşılaşdığı kriminal hallarla bağlı statistika aparılması ilə bağlı təklif irəli sürən deputat həmin göstəricilərin çox aşağı olacağını əminliklə söyləyib: "Statistikada da gördüyümüz kimi, kriminal halların sayı 10 dəfə azdır. Heç şübhəsiz ki, ölkəmizə gələn turistlərin təhlükəsizliyi tam şəkildə qorunacaq. Göründüyü kimi, ayrı-ayrı dairələrin irəli sürdüyü iddialar əsassızdır və qərəzlidir".

Deputat qeyd edib ki, Azərbaycan dünyanın multikultural cəmiyyətlərindən biridir: "Bu gün Avropanın multikulturalizmi imtina etdiyi bir vaxtda Azərbaycan bu dəyərləri yenidən təbliğ edərək Avropaya qaytarır. Nəticədə Avropa da bundan bəhrələnməyə çalışır. Məsələni hüquqi kontekstdə qiymətləndirilməsinə gəldikdə, burada da heç bir problem yoxdur. "Arsenal" klubunun oyunçusu erməni əsilli Henrix Mxitaryanın Azərbaycana gəlməsində heç bir problem yoxdur və təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunması ilə də bağlı bəyanat verilib. Çünki o, Azərbaycana idmançı kimi gəlir. Göründüyü kimi, burada da bir məhdudlaşdırma yoxdur. O cümlədən, hazırda AZAL-ın təklif etdiyi qiymətlər mövcud beynəlxalq qiymətlərdən daha aşağıdır. İddia olunduğu kimi, burada maddi baxımdan hüquqların məhdudlaşdırılmasından söhbət belə gedə bilməz".

H.Babaoğlu bildirib ki, bütün bunlar xaricdəki maraqlı dairələrin Azərbaycanın dünyada nüfuzunun artması, onun yüksək səviyyəli iqtisadi, siyasi, humanitar mərkəzə çevrilməsindən narahat olduqlarını sübut edir: "Düşünürəm ki, bu bəyanata düzəliş olmalıdır ki, bu Böyük Britaniya və Azərbaycan dostluğuna xələl gətirməsin. Ümid edirik ki, bizim tərəfdaşlarımız da, dost ölkələr də növbəti belə bir məqamlarda daha diqqətli olacaqlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti