...

İran Parlamentinin sədri Sudan Prezidentinə dəstək məqsədi ilə bu ölkəyə səfər edib

Dünya xəbərləri Materials 6 Mart 2009 11:21 (UTC +04:00)

İran Parlamentinin sədri Əli Laricani Tehranda keçirilən "Fələstinə dəstək" beynəlxalq konfransının bəzi iştirakçılari ilə birlikdə cümə günü səhər Sudan Prezidentinə dəstək məqsədi ilə bu ölkəyə səfər edib. Bu barədə İran televiziyası məlumat yayıb.

"Tehranda keçirilən "Fələstinə dəstək" konfransı zamanı Sudan Prezidentinə qarşı Haaqa məhkəməsi qərar çıxardı, Sudan Haaqa məhkəməsinin üzvü deyil və bu məhkəmənin qərarı məntiqə uyğun deyil", - deyə İran Parlamentinin sədri Laricani cümə günü hava limanında jurnalistlərə bildirib.

Laricani bildirib ki, "Fələstinə dəstək" beynəlxalq konfransının iştirakçıları Haaqa məhkəməsinin qərarını tənqid edərək bu məsələ ilə bağlı qətnamə qəbul edib. "Konfransda qardaş Sudan ölkəsinə dəstək məqsədi ilə bu ölkəyə nümayəndə heyəti göndərilməsi qərarı qəbul olundu. Səfər bu məqsədlə həyata keçirilir", - deyə Laricani bildirib.

Səfər bir günlük həyata keçirilir. Səfərdə İranın Parlament sədrini Suriya, İordaniya və Yəmən ölkələrindən olan parlament nümayəndələri müşayiət edir.

Martın 4-də Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsi Darfurda hərbi cinayətlər törətməkdə ittiham olunan Sudan Prezidentinin həbsi ilə bağlı qərar verib.

Xəbər lenti

Xəbər lenti