Azərbaycan, Bakı, 19 noyabr /Trend/
Cümə günü Serbiyanın paytaxtı Belqrad şəhərində "Təbii və texnogen fəlakətlərin qarşısının alınması ilə bağlı regional fəaliyyətin əlaqələndirilməsi" mövzusuna həsr edilmiş Nazirlər Konfransı keçirilmişdir. Tədbir Serbiyanın hazırda "Cənub-Şərqi Avropa Əməkdaşlıq Prosesi" təşkilatına sədrliyi çərçivəsində təşkil edilmişdir. Bu barədə Trend-ə Azərbaycanın Serbiyadakı səfirliyindən məlumat verilib. Tədbirdə Azərbaycanı ölkəmizin Fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev təmsil etmişdir.
Konfransı giriş sözü ilə Serbiyanın Baş Naziri Mirko Tsvetkoviç açmış, daha sonra tədbirdə çıxış edən Avropa Birliyinin Beynəlxalq əməkdaşlıq, humanitar yardım və böhranın qarşısının alınması üzrə Komissarı xanım Kristalina Georgiyeva, Serbiya Baş Nazirinin birinci müavini, Daxili işlər Naziri İvitsa Daçıç və digər iştirakçı ölkələrin nümayəndələri təbii və texnogen fəlakətlərin qarşısının alınmasında birgə fəaliyyətlərin əlaqələndirilməsinin və fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulamışlar.
Konfransda çıxış edən Azərbaycan Respublikasının Fövqəladə hallar nazirinin müavini O.Hacıyev ölkəmizin təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması sahəsində bir çox ölkələrlə sıx əməkdaşlıq etməsi, Azərbaycanda fövqəladə halların qarşısının alınması sahəsində əldə olunmuş təcrübə, Nazirliyin maddi-texniki bazası barədə məlumat vermişdir.
Tədbir çərçivəsində O.Hacıyevin Serbiya Baş Nazirinin birinci müavini, Daxili İşlər Naziri İ.Daçıçlə görüşü keçirilmiş və görüşdə hər iki tərəfi maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə həmçinin Serbiyanın Daxili İşlər Nazirinin köməkçisi və Fövqəladə halların idarə olunması üzrə sektorun rəhbəri Predraq Mariç iştirak etmişdir.
Konfrans öz işini bitirib.