Gürcüstan, Tbilisi, 8 may /Trend, müxbir N.Kirtsxaliya/
Azərbaycanın mədəniyyət və turizm naziri Əbulfəs Qarayev çərşənbə günü rəsmi səfərlə Gürcüstanın paytaxtı Tbilisiyə gəlir.
Səfər çərçivəsində Qarayev Rustavi şəhərində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan parkın açılışında iştirak edəcək. Bu barədə Trend-ə çərşənbə günü Gürcüstanın Mədəniyyət Nazirliyindən məlumat verilib.
Həmçinin azərbaycanlı nazirin gürcü həmkarı Quram Odişariya ilə görüşü və Tbilisidə yerləşən Mirzə Fətəli Axundovun ev muzeyinin təmir-bərpa işlərindən sonra açılışında iştirak edəcəyi gözlənilir.
Səfər zamanı Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin Tbilisidəki memorialı onünə gül dəstələri qoyacaq. Mərasimdə Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn də iştirak edəcək. Həmçinin nümayəndə heyətinin üzvləri Tbilisinin Botanika bağında yerləşən Mirzə Fətəli Axundovun məzarını da ziyarət edəcəklər.
Azərbaycan nümayəndə heyətinə ARDNŞ-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər daxildir.