Azərbaycan, Bakı, 30 iyul /Trend/
ABŞ hesab edir ki, Misir hərbçiləri Avropa İttifaqının diplomatiya başçısının Misirin devrilmiş prezidenti Məhəmməd Mursi ilə görüşünə imkan verməli və keçmiş dövlət başçısının azad olunması üzrə prosesə başlamalıdırlar. Trend RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki deyib:
"Biz hesab edirik ki, Ketrin Eşton Misirdə olduğu müddətdə Məhəmməd Mursi ilə görüşməlidir". Eşton bazar ertəsi Qahirədə danışıqlar aparıb.
Dövlət Departamentinin nümayəndəsi əlavə edib ki, "təhlükəsizlik və başqa məsələlər nəzərə alınaraq (Mursinin) azad olunma prosesi başlamalıdır".
Məhəmməd Mursi iyulun 3-də Misir hərbçiləri tərəfindən devrilib.