...

Türkiyədə ölüm hökmü bərpa olunacaqmı?

Dünya xəbərləri Materials 16 Fevral 2015 15:55 (UTC +04:00)
Türkiyə parlamenti ölüm hökmünün bərpası məsələsini nəzərdən keçirə bilər.
Türkiyədə ölüm hökmü bərpa olunacaqmı?

Azərbaycan, Bakı, 16 fevral /Trend/

Türkiyə parlamenti ölüm hökmünün bərpası məsələsini nəzərdən keçirə bilər. Trend "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə parlamentinin Hüquqi işlər üzrə komissiyasının rəhbəri Ahmet İyimaya bildirib.

Onun sözlərinə görə, ölüm hökmü qadınlara qarşı zorakılıq, eləcə də xüsusi amansızlıqla cinayətlər törədildiyi hallarda tətbiq oluna bilər.

Qeyd edək ki, Türkiyənin Mersin vilayətində 20 yaşlı tələbə Özgecan Arslanın zorlanması və öldürülməsindən sonra bir sıra nazirlər müqəssirə ölüm hökmü verilməsi tələbi ilə çıxış ediblər.

Türkiyənin Aİ ilə işlər naziri Volkan Bozkır bildirib ki, əgər onun doğmalarına qarşı buna bənzər hal baş versəydi, şəxsən özü cinayətkarları cəzalandırardı.

Xatırladaq ki, Ö.Arslan ötən həftə avtobus sürücüsü tərəfindən zorlanıb və öldürülüb. Yerli KİV-in yazdığına görə, qız qaz balonundan istifadə etməklə cinayətkara müqavimət göstərib. Onun cəsədi Türkiyənin cənubunda çayda tapılıb.

Cinayət faktına görə üç nəfər saxlanılıb - avtobus sürücüsü, ona kömək edən atası və dostu. Cinayətə etiraz məqsədilə minlərlə qadın aksiyada iştirak edib.

Türkiyədə ölüm hökmü 2001-ci ildə ləğv edilib, lakin 1986-cı ildən tətbiq edilmir. Statistikaya görə, 2014-cü ildə xüsusi amansızlıqla 228 qadın öldürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti