Azərbaycan, Bakı, 24 fevral /Trend, müxbir, Rufiz Hafizoğu/
Türkiyə Böyük Millət Məclisi (parlament) ölkə əhalisinin təhlükəsizliyinə yönəlmiş islahatlar paketinin müzakirəsini təxirə salıb. Bu barədə Trend çərşənbə axşamı "Haber7" telekanalına istinadən xəbər verir.
Müzakirələr müxalifətdən olan deputatların islahatlar paketinin bəzi müddəaları ilə razı olmaması səbəbindən təxirə salınıb.
Daha əvvəl bildirildiyi kimi, 2015-ci il fevralın 18-də Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyası və kürdyönümlü Xalqların Demokratik Partiyasından olan deputatlar arasında dava düşüb.
Dava parlamentdə ölkə əhalisinin təhlükəsizliyinin təmin olunmasına yönəlmiş islahatlar paketinin müzakirəsi zamanı baş verib. Əlbəyaxa davada Xalqların Demokratik Partiyasının deputatı Ərtoğrul Kürkçü xəsarət alıb.
Daha əvvəl Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirmişdi ki, əhalinin təhlükəsizliyini təmin etmək üçün bir sıra islahatlar qəbul ediləcək.
Onun sözlərinə görə, qarşıdakı islahatlar dövlətçiliyə qarşı yönələn, həmçinin vətəndaşların həyatı üçün təhlükə doğuran istənilən aksiyaların keçirilməsini qadağan etməyi nəzərdə tutur.
Baş nazir bildirib ki, xüsusilə, aksiyada iştirakçılara üzlərini xüsusi maska ilə örtmək qadağan ediləcək və onun istifadəsi təhlükə kimi qiymətləndiriləcək.
Davudoğlu deyib ki, aksiya zamanı "Molotov kokteyli" istifadə etmək silahdan istifadə etməyə bərabər tutulacaq.