...

Türkiyə NATO İnnovasiya Fonduna qoşuldu

Dünya xəbərləri Materials 28 İyul 2023 16:04 (UTC +04:00)

Bakı.Trend:

Türkiyə Avropanın ən böyük texnologiya fondu olan NATO İnnovasiya Fonduna qoşulub.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, Türkiyənin Sənaye və Texnologiya nazirliyi prezident Rəcəb Tayyib Ərdoğanın 24 iyul 2023-cü il tarixli qərarı ilə ölkəni təmsil etmək üçün NATO İnnovasiya Fonduna qoşulub.

Bu fond, 1 milyard avroluq fond, 1 milyard vətəndaşı olan ittifaq, eyni zamanda Avropanın ən böyük texnologiya fondudur.

NATO-nun Madrid Zirvə Toplantısında Türkiyənin də daxil olduğu 23 ölkənin maliyyə öhdəlikləri və gərgin əməyi sayəsində yaradılan NATO İnnovasiya Fondu, Vilnüs Sammitində ictimaiyyətə açıqlanıb.

Alyansın 1 milyard vətəndaşının təhlükəsizliyinin qorunmasına xidmət edəcək texnologiyaları maliyyələşdirəcək 1 milyard avroluq fond, eyni zamanda, Avropanın ən böyük texnologiya fondudur. NATO İnnovasiya Fondu innovasiya ekosistemlərinin gücləndirilməsində, dərin texnologiyalar sahəsində maliyyə ehtiyaclarının ödənilməsində və hazırlanmış texnologiyaların istifadəyə verilməsində fəal rol oynayacaq.

İnnovasiya Fondu süni intellekt, böyük verilənlər, avtonom sistemlər, yeni materiallar və qabaqcıl istehsalat, NATO-nun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edən kvant kimi kritik texnologiyaları inkişaf etdirən startaplara və bu texnologiyalara dəstək verən vençur kapitalı fondlarına investisiya edəcək. Türkiyə fondu maliyyələşdirən 23 müttəfiq ölkə arasında mühüm yer tutur.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi NATO İnnovasiya Fonduna 15 il ərzində təqribən 45 milyon avro məbləğində maliyyə ayıracaq və bu, onu fondun 23 ölkə arasında altıncı ən böyük tərəfdaşına çevirəcək. Nazirlik fondun fəaliyyətinin və investisiyalarının monitorinqindən tutmuş Türkiyədə investisiya imkanlarının fonda təqdim edilməsinə qədər bir çox sahələr üzrə məsul olacaq.

Şimali Atlantika Müdafiə İnnovasiyalarının Sürətləndiricisi (DIANA) ilə birlikdə NATO İnnovasiya Fondu NATO-nun texnoloji üstünlüyünün qorunub saxlanılmasında, mülki və hərbi məqsədlər üçün istifadə oluna bilən qabaqcıl texnologiyaların hazırlanmasında mühüm rol oynayacaq.

Türkiyənin Sənaye və Texnologiya naziri Məhmət Fatih Kaçır qeyd edib ki, NATO İnnovasiya Fondu ölkənin dərin texnologiya startapları üçün böyük bir fürsətdir və Türkiyənin NATO-ya üzv olan digər ölkələrin bazarlarına çıxışı asanlaşacaq.

Xatırladaq ki, 11-12 iyul tarixlərində Vilnüs Sammiti baş tutub. Sammitdə NATO üzvü olan 31 ölkənin dövlət və hökumət başçıları, namizəd ölkələrdən İsveç, eləcə də Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyanın nümayəndələri iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti