Bakı. Trend:
ABŞ dövlət katibi Entoni Blinken Yeddilik Qrupunun (G7) xarici
işlər nazirlərinə İran və “Hizbullah” hərəkatının yaxın 24 saat
ərzində İsrailə hücum edə biləcəyini deyib.
Trend RBC-yə istinadən xəbər verir
ki, Blinken İran və “Hizbullah”a diplomatik təzyiq göstərməyə
çalışmaq üçün və HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl
Haniyənin Tehranda öldürülməsinə cavab olacaq zərbənin gücünü
minimuma endirmək məqsədilə G7 həmkarları ilə telefon danışığı
aparıb.
Danışıqlarda ABŞ dövlət katibi mümkün hücumun nəticələrinin
yumşaldılmasının regionda genişmiqyaslı müharibənin qarşısını almaq
üçün ən yaxşı yol olacağını vurğulayıb.
Mənbələr bildiriblər ki, Blinken İran və “Hizbullah”ın yəhudi
dövlətini vuracağına əmindir, lakin bu addımın konkret olaraq nə
olacağı bəlli deyil. O qeyd edib ki, Amerika Birləşmiş Ştatları bu
hücumu məhdudlaşdırmağa, sonra isə İsrailin buna mümkün cavabını
yumşaltmağa çalışır.
Nəşrin həmsöhbətlərinin sözlərinə görə, amerikalı diplomat Yaxın
Şərq münaqişəsinin kəskinləşməsinin Qəzza zolağında atəşkəs
danışıqlarına təsirindən məyus olduğunu bildirib.
Blinken söhbət zamanı deyib ki, Amerika administrasiyası Haniyənin
öldürülməsindən əvvəl tərəflərin razılığa gəlməyə həmişəkindən daha
yaxın olduğunu hiss edirdi.
Bundan əvvəl Dövlət Departamenti bildirib ki, Blinken G7
ölkələrinin xarici işlər nazirləri ilə telefon danışığı aparıb və
o, Yaxın Şərqdə gərginliyin azaldılması üçün təcili addımların
atılmasını müzakirə edib.