Bakı. Trend:
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, yeni administrasiyada səhiyyə sahəsində yüksək vəzifələrə namizədləri nəzərdən keçirməyi keçmiş müstəqil namizəd kiçik Robert Kennediyə həvalə edib.
Trend-in məlumatına görə, bu barədə “Reuters” mənbələrə istinadən xəbər yayıb.
Mənbələrə əsasən, kiçik Kennedi ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin və Qida və Dərman Administrasiyasının yüksək rütbəli işçilərinin seçimində iştirak edəcək. Lakin siyasətçinin Tramp administrasiyasında konkret hansı vəzifəni tutacağı hələlik məlum deyil. Agentlik qeyd edir ki, onun məsləhətçi kimi fəaliyyət göstərməsi də mümkündür.
Tramp daha əvvəl bildirmişdi ki, o, kiçik Kennediyə administrasiyasında mühüm rol verməyi planlaşdırır. Kiçik Kennedi öz növbəsində ABŞ səhiyyə sistemində korrupsiya ilə mübarizə aparmağı hədəflədiyini bildirib. Siyasətçinin sözlərinə görə, Tramp ondan üç əsas məqsəd istəyib: dövlət səhiyyə müəssisələrində korrupsiyanın kökünü kəsmək, tibb müəssisələrini qızıl standart və sübuta əsaslanan elm ənənəsinə qaytarmaq və xroniki xəstəlik epidemiyasına son qoymaqla ABŞ-ı yenidən sağlam etmək.