Bakı. Trend:
Hindistanın Maharaştra ştatında qatarda yanğın olması barədə yayılan şayiə sərnişinlər arasında təşviş yaradıb. Bu, faciəvi nəticələrə səbəb olub – 12 nəfər vaqonlardan tələsik çıxarkən başqa qatar tərəfindən vurularaq həyatını itirib.
Trend PTI agentliyinə istinadən xəbər verir ki, hadisə Mumbaydan təxminən 400 kilometr məsafədə baş verib.
Lokal administrasiyanın məlumatına görə, “Pushpak Express” qatarının vaqonlarından birində yaranan qığılcım yanğın təhlükəsi şübhəsini doğurub. Təşvişə düşən sərnişinlərdən bəziləri təcili dayandırma zəncirini çəkib və relslərin üzərinə tullanıb. Təəssüf ki, bu zaman qonşu relsdə hərəkətdə olan “Karnataka Express” onları vurub.
Hadisə yerinə xilasetmə qatarı cəlb edilib. Calqaon polisinin nümayəndəsi Maheşvar Reddi jurnalistlərə verdiyi açıqlamada bildirib ki, qatar altında 12 nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.
Hadisə ilə bağlı istintaq başladılıb və dəmiryolu təhlükəsizliyi məsələləri yenidən nəzərdən keçiriləcək.