Bakı. Trend:
Moldova hakimiyyəti 2025-ci ildə MDB çərçivəsində təşkilat üçün üzvlük haqqı ödəmək niyyətində deyil.
Trend xəbər verir ki, bu barədə Moldovanın Maliyyə Nazirliyi məlumat yayıb.
“2025-ci ildə Moldova beynəlxalq, regional və parlament təşkilatlarına üzvlük üçün təxminən 54 milyon ley (2,9 milyon dollar) ödəyəcək. Bu, 2024-cü illə müqayisədə 2,5 milyon ley (134 min dollar) azdır. Onların arasında MDB çərçivəsində üzvlük haqları və xərclər nəzərdə tutulmayıb”, - deyə məlumatda bildirilir.
Moldova Maliyyə Nazirliyi büdcə qanununa uyğun olaraq ödənişlər layihəsi hazırlayıb. Vəsaitin böyük hissəsi Avropa Şurasına, BMT-yə və BMT İnkişaf Proqramına yönəldiləcək.
Qeyd edək ki, 2022-ci ildən bəri Moldova hakimiyyəti MDB ilə bir sıra sazişlərin denonsasiya edilməsinin zəruriliyindən danışır. Kişineu belə müqavilələrin təhlilini aparmaq, effektiv olmayan müqavilələri denonsasiya etmək və onları MDB üzvü olan ölkələrlə ikitərəfli sazişlərlə əvəzləmək niyyətindədir.