Bakı. Trend:
Rusiya Xəzər dənizində su səviyyəsinin azalmasının qarşısını almağa çalışır.
Trend-in məlumatına görə, bunu Rusiya baş naziri Mixail Mişustin bu gün Tehranda keçirilən Xəzəryanı ölkələrin baş nazirlərinin 3-cü İqtisadi Forumunda deyib.
Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin təklifi ilə Xəzər dənizində su səviyyəsinin azalmasının qarşısını almaq istiqamətində böyük işlər görülür.
Mişustin əlavə edib ki, bu isitqamətdə Rusiya və Azərbaycan arasında Xəzər dənizində su səviyyəsinin azalmasının qarşısının alınması üçün birgə işçi qrupu yaradılıb və qurumlardan nümayəndələr də bu işçi qrupuna qoşulublar.
Rusiya rəsmisi bildirib ki, Rusiya Xəzər dənizində su səviyyəsinin azalmasından narahatdır və bu məsələyə bir problem kimi yanaşır.
Qeyd edək ki, İran paytaxtı Tehranda Xəzəryanı ölkələrin (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) 2 günlük İqtisadi Forumu 17 fevralda işə başlayıb.