Bakı. Trend:
İran ABŞ-nin Venesuelaya hücumunu qətiyyətlə pisləyib və bunun "Milli suverenliyin kobud şəkildə pozulması" adlandırıb.
Trend ölkənin yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
"İran İslam Respublikasının Xarici İşlər Nazirliyi ABŞ-nin Venesuelaya hərbi hücumunu və bu ölkənin milli suverenliyi ilə ərazi bütövlüyünün kobud şəkildə pozulmasını qətiyyətlə pisləyir. Bu addım BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental prinsiplərinin ciddi şəkildə pozulmasıdır", - bəyanatda vurğulanıb.
Qeyd edək ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşının tutularaq ölkədən çıxarıldığını açıqlayıb.
O bildirib ki, Amerika Birləşmiş Ştatları Venesuelaya və onun lideri Prezident Nikolas Maduroya qarşı uğurlu genişmiqyaslı hücum həyata keçirib:
"Bu əməliyyat ABŞ hüquq-mühafizə orqanları ilə birgə icra olunub. Ətraflı məlumat veriləcək. Bu gün Mar-a-Lago-da mətbuat konfransı keçiriləcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!"
