...

BMT nümayəndəsi Rusiyadakı irqi ayrıseçkiliklə bağlı vəziyyət haqqında birinci əldən məlumat almaq niyyətindədir

Dünya xəbərləri Materials 12 İyun 2006 16:36 (UTC +04:00)

BMT-nin müasir irqçilik formaları üzrə xüsusi məruzəçisi Dudu Dyen Rusiya hökumətinin dəvətilə iyunun 12-də Moskva və Sankt-Peterburqa səfər edəcək. O? burada irqi ayrıseçkilik, ksenofobiya (xaricilərə nifrət) və dözümsüzlük problemlərini araşdıracaq. Səfər iyunun 17-də başa çatacaq.

Trend agentliyinin BMT Xəbərlər Mərkəzinə istinadən yaydığı məlumata əsasən, D.Dyen Rusiyanın hökumət nümayəndələri və qeyri-hökumət təşkilatlarının fəalları ilə görüşmək fikrindədir. BMT nümayəndəsi Rusiyada son zamanlar tez-tez baş verən irqi ayrıseçkilik zəminində hücumlardan başqa, miqrantların vəziyyəti və problemlərinə də diqqət ayırmaq niyyətindədir. Bu barədə İnsan Haqları üzrə Ali Komissar İnstitutunun mətbuat katibi Xose Luiz Diaz Cenevrədə bildirib.

Xüsusi məruzəçi irqi ayrıseçkilik, ksenofobiya və dözümsüzlüyün qurbanları ilə də görüşəcək.

Səfərin yekunları üzrə D.Dyen Rusiyadakı irqi ayrıseçkilik və hökumətin buna qarşı gördüyü tədbirlər haqqında məruzə hazırlayacaq. Məruzə BMT İnsan Haqları üzrə Şurasına müzakirə üçün təqdim olunacaq, sonra isə BMT Baş Assambleyasının Üçüncü Komitəsinin nümayəndələrinə ötürüləcək.

Xəbər lenti

Xəbər lenti