...

Media və mədəniyyət, yaxud medianın mədəniyyəti

Cəmiyyət Materials 27 İyul 2015 15:53 (UTC +04:00)
Ümumiyyətlə, mədəniyyət hadisəsi media kontekstində olduqca nadir hallarda izah edilir.
Media və mədəniyyət, yaxud medianın mədəniyyəti

Hikmət Babaoğlu - əməkdar jurnalist

Media mədəniyyət istehsalçısı kimi...

Ümumiyyətlə, mədəniyyət hadisəsi media kontekstində olduqca nadir hallarda izah edilir. Ona görə ki, əksər hallarda media aparıcı müstəqil ictimai institut kimi nəzərdən keçirilir və kommunikativ funksiyası ilə xatırlanır. Ancaq media obyektivlik, operativlik, tərəfsizlik və s. kimi prinsiplərə sadiq qalmaqla yalnız ünsiyyət, dialoq, xəbər ötürmə vasitəsi deyil, həm də bir mədəniyyət vasitəsidir. Bəs mədəniyyət nədir ki, biz bu sözü az qala bütün fəaliyyət sferalarına şamil edə bilirik? Mədəniyyət bəşər tarixinin inkişaf prosesində əldə etdiyi maddi və mənəvi dəyərlərin məcmusudur. Maddi mədəniyyət dedikdə daha çox əllə tuta bildiyimiz, fiziki nümunələr başa düşürük. Mənəvi, yaxud ruhi mədəniyyət dedikdə elə bu sferadakı dəyərləri başa düşürük. Belə olduqda medianı xüsusi mənəvi institut kimi təsvir etmək bəzi hallarda müəyyən çətinliklər yaradır. Çünki media özü mədəniyyət hadisəsi olmaqla bərabər, həm də mədəniyyət istehsalçısıdır, cəmiyyətdaxili mədəniyyəti formalaşdıran əsas vasitələrdən biridir. Bu mənada biz media mədəniyyəti ilə medianın özünü bir-birini qidalandıran iki əsas vasitə kimi görə bilərik. Bu bir növ fəlsəfədir, özü-özünü qidalandırır. Hər bir cəmiyyətin mediası təbliğ etdiyi, tərənnüm etdiyi və ya doğulduğu cəmiyyətin mədəniyyətini özündə əks etdirməklə yenidən cəmiyyətə qayıdan, ona ünvanlanan unikal dialoq formasıdır. Buradakı qarşılıqlı əlaqə daxili dövriyyə təşkil etməklə bir-birini bəsləyir.

Media mədəniyyətinin üç əsas komponenti

Biz media mədəniyyəti deyəndə ilk olaraq ağlımıza olduqca ümumi, bəlkə də, abstrakt bir mədəniyyət nümunəsi gəlir. Ancaq diqqət etsək, görərik ki, media deyilən ictimai institutu təşkil edən ayrı-ayrı fərdlərdir. Ona görə də, biz media mədəniyyətindən danışanda jurnalist mədəniyyəti, jurnalist etikası məsələlərinin üzərinə gəlmiş oluruq. Jurnalistin peşə mədəniyyətini formalaşdıran 3 əsas komponent isə nitq mədəniyyəti, yazı mədəniyyəti və etik mədəniyyətdir. Biz buna jurnalist etikası da deyirik. Bunların üçü birlikdə mənəvi, yaxud ruhi mədəniyyətin xüsusi formasını təşkil edir. Bu üçlük birlikdə elə mənəvi keyfiyyət təşkil edir ki, birinin yoxluğu digərinin natamamlığına səbəb olur.

Medianın dili və üslubu

Təbii ki, hər bir milli medianın mədəni keyfiyyətinin formalaşmasına təsir göstərən əsas komponentlərdən biri də medianın dili və üslubudur. Dil özü ayrıca bir mədəniyyətdir. Dil nə qədər zəngindirsə, həmin dildə ifadə olunan çap materialları da o qədər zəngin olur. Azərbaycan mediasının mədəniyyət keyfiyyətlərinin, göstəricilərinin əsas vasitələrindən biri də Azərbaycan dilidir. Dilimiz dünyanın ən zəngin dillərindən biridir. Bu səbəbdən də Ulu öndərimiz Heydər Əliyevin 2001-ci ildə imzaladığı "Dövlət dilinin təkmilləşdirilməsi" haqqında Fərmanda göstərilirdi ki, "Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir". Hesab edirik ki, bu, Azərbaycan dilinə verilən çox böyük qiymətdir. Amma gəlin görək bugünkü media dili, üslubu, mədəniyyəti yuxarıda səsləndirdiyimiz məzmunla uzlaşa, ayaqlaşa bilirmi? "Yox" deməyə adamın dili gəlmir, amma çox hallarda bu suala ürəyimizdə hamımız elə "yox" cavabı veririk. Ona görə də biz indiki mərhələdə Azərbaycan jurnalistikasının mədəni keyfiyyətlərindən danışanda mütləq şəkildə bu məsələyə də diqqət yetirməliyik.

Qeyd etdik ki, media özü-özlüyündə ictimai institut olmaqla bərabər, həm də xüsusi funksional vahiddir. Deməli, medianın keyfiyyəti onu öz yaradıcılıq nümunələri ilə təmin edən ayrı-ayrı fərdlərin, jurnalistlərin dil, nitq və etik mədəniyyətinin keyfiyyətinin səviyyəsindən asılıdır. Jurnalistlərin dil, nitq və mədəni intellektual səviyyəsi nə qədər yüksək olarsa, medianın da səviyyəsi bir o qədər yüksək olacaq.

Yüksək şüur və istedad mədəniyyəti formalaşdıran vasitələrdəndir

Bəs, görəsən, şərti götürülmüş cəmiyyətdə mədəni dəyərləri, o cümlədən, mənəvi mədəniyyəti formalaşdıran əsas komponentlər nələrdən ibarətdir? Mədəniyyətin formalaşmasında yüksək rol oynayan komponentlər yüksək şüur, istedad, nümunəvi həyat fəaliyyəti, təşəbbüskarlıq və s. kimi keyfiyyətlərdir. Bu keyfiyyətlər isə özlüyündə hər bir sistemin mədəni komponentlərini formalaşdırır.

Mədəniyyətin formalaşmasının üç səviyyəsi: fərd, cəmiyyət və dövlət

Mədəni dəyərlərin formalaşması isə müxtəlif səviyyələrdə baş verir. Fərdi, cəmiyyət və dövlət səviyyəsində. Diqqət etsək görərik ki, hər üç səviyyənin özü bir-biri ilə sıx bağlıdır. Çünki fərdlər birləşərək sosial sistemi formalaşdırırlar, sosial sistem isə öz daxili tələbinə uyğun şəkildə dövləti formalaşdırır. Bilirik ki, dövlət sinfi cəmiyyətin, siyasi sistemin əsas institutu kimi çıxış edir. Belə olanda hər şey, yəni mədəni dəyərlərin formalaşmasını təmin edən hər üç səviyyə nəticə etibarı ilə baza olaraq yenə də fərdin keyfiyyətlərinə söykənir. Media mədəniyyətinin yüksəldilməsi üçün peşə sahiblərinin fərdi keyfiyyətlərinin və fərdi mədəniyyətinin yüksəldilməsi şərt kimi qarşımıza çıxır. Bəs cəmiyyətdə ayrıca götürülmüş halda hər hansı bir peşə sahiblərinin mədəni keyfiyyətlərini yüksəltmək və ya buna nail olmaq mümkündürmü? Yaxud hansısa ictimai institutu cəmiyyətdən kənar şəkildə inkişaf etdirmək mümkündürmü?

Mədəniyyətin şaquli və üfüqi istiqamətləri

Məlumdur ki, cəmiyyətdaxili dinamizmlərin hamısı yaxşı təşkilatlanmış, yaxud tam təşkilatlanmamış halda mövcuddur. Onların bir qismi institutlaşmış formada da ola bilər. Necə olursa olsun cəmiyyətdə funksional vahid kimi müəyyən missiya yerinə yetirən və ya yetirməyən institutlaşmalar hamısı bütöv bir sistem içində olduğu üçün onun şərtlərindən birlikdə bəhrələnir. Bu şərtlər yüksək mədəni ictimai zəmin formalaşdırmayana qədər ayrılıqda cəmiyyətdaxili qrupların heç birinin inkişafından danışa bilmərik. Digər əsas məsələ isə ondan ibarətdir ki, adını çəkdiyimiz bütün institutlaşmalar cəmiyyətdaxili dialoqu təmin edən vasitələr olduğu üçün həm də bir-birinin keyfiyyətinə təsir göstərir. Nəticə etibarı ilə belə bir qənaətə gələ bilərik ki, bütövlükdə cəmiyyətdaxili ictimai, sosial, siyasi, mədəni institutlar inkişaf etmədikcə konkret bir sahənin inkişafından danışmaq bir qədər çətindir. Ona görə də biz elə buradaca başqa bir ciddi məsələyə toxunmaq istəyirik. Mədəniyyət hadisəsini biz cəmiyyətdaxili proseslərdə şaquli və üfüqi prizmadan qiymətləndirməyi bacarmalıyıq. Bəs mədəniyyətin şaquli və üfüqi istiqamətləri nədir? Təsvir etdiyimiz həndəsi konfiqurasiyanın özü elə öz məzmununu da diktə edir. Yəni şaquli yüksəlişdir, yuxarıya doğrudur, üfüqi isə cəmiyyətə paraleldir, yana doğrudur. Deməli, cəmiyyətdə keyfiyyət dəyişiklikləri yarada biləcək mədəniyyət hadisəsi mədəniyyətin şaquli formasıdır və ya mədəniyyətin şaquli inkişafıdır. Şaquli inkişaf özlüyündə ardıcıl olaraq 3 mərhələdən keçir: birincisi inkaretmə, ikincisi şübhə etmə, üçüncüsü təsdiq etmə. İnkaretmə cəmiyyətin ənənəvi, bir qədər geri qalmış və ya passiv mövcudluqla müşahidə edilən mədəni dəyərlərini inkar etməkdir. Daha modernist mədəni əlaqənin yaradılması ilə bağlı şübhə etmək. Üçüncü mərhələ şübhələrin doğruluğunu təsdiq etməkdir. Təsdiq etdinizsə, artıq, demək, köhnəni inkar etməklə yenini qəbul edir və təsdiq edirsiniz. Beləliklə də, cəmiyyətə yeni mədəni keyfiyyət gətirmiş olursunuz. Amma burada paralel olaraq başqa bir proses də baş verir. Mədəniyyətin üfüqi forması özlüyündə mühafizəkar mahiyyət daşıdığı üçün gələn yeniliklərə qarşı ya passiv neytral olur, ya da onu rədd edir. Belə olanda mədəniyyətin şaquli hadisəsinin mənimsənilməsi və kütləviləşməsi ciddi problemlər yaradır. Bu halda xüsusən mühafizəkar cəmiyyətlərdə şaqulinin üfüqiyə çevrilməsi hadisəsinin şahidi oluruq. Hər bir cəmiyyət özünün tənzimləmə və yeniləmə prosesində şaquli mədəniyyət hadisəsinin baş verməsi üçün münbit zəmin hazırlamağı bacarmalıdır. Yalnız belə cəmiyyətlər inkişaf edə bilir. Bunu artıq qeyd etdik ki, mədəniyyətin, xüsusən media mədəniyyətinin formalaşması prosesində müxtəlif ictimai institutlar müxtəlif formada iştirak edir. Onların hər birinin bu münasibətlərə gətirdiyi keyfiyyətlər fərqli olur. Bax burada biz medianın multidisiplinar istiqamətlərindən danışa bilərik. Bu mərhələdə media artıq mədəniyyət daşıyıcısı statusunda deyil, mədəniyyət yaradıcısı statusunda qarşımıza çıxır. Bu prosesdə mədəniyyət yaratmaq hadisəsi çoxşaxəli olduğu üçün artıq həm də medianın multidisiplinar funksiyasından danışa bilərik.

Media mədəniyyəti yaradan, istehsal və istehlak edən xüsusi institut kimi

Beləliklə, cəmiyyətin mədəni münasibətlər sisteminə diqqət yetirsək görəcəyik ki, media ictimai institut kimi mədəni dəyərləri yaradan, həm onun daşıyıcısı olan, həm də onun kütləviləşməsini təmin edən vasitədir. Ona görə də indiki mərhələdə yeni media mədəniyyətinin, yaxud multidisiplinar istiqamətlərin hansı keyfiyyətdə olması milli medianın davranışlarından və məsələyə münasibətindən xeyli dərəcədə asılıdır. Bu mənada biz medianı həm də müxtəlif cəmiyyətdaxili institutlar arasında körpü yaradan vasitə kimi görürük. Media bu körpü funksiyasını da layiqincə yerinə yetirməyi bacarmalıdır.

Üzeyir Hacıbəyli 3 dekabr 1906-cı ildə "İrşad" qəzetində yazırdı: "Ey millət mücahidləri, yatmış millətin yaxasından yapışıb silkələyin ki, oyansın. Əgər əfradi millət öz cəhalət bərəkətindən sizi dinləmək istəmirsə, siz ondan əl çəkməyiniz. Və o sözlərə dolanmağa məcbur ediniz, sonra onların özü sizə minnətdar olacaq".

Doğrudan da, cəmiyyətin hər zaman silkələnməyə, ayıq-sayıq olmağa ehtiyacı var. Elə mətbuatımızın 140 illik yubileyi çərçivəsində keçirilən tədbirlər də ona hesablanıb. Qeyd etmək lazımdır ki, tədbirlərin keçirilmə formatı və coğrafiyası da olduqca effektiv və əhatəli oldu. Deməli, bizi daim silkələyən, ayıq-sayıq olmağa vadar edən bir əl var. Bu əl bizi həmişə milli maraqlar ətrafında səfərbər etməyi bacarıb. Düz elə Avropa Oyunlarında olduğu kimi. Biz media mənsubları olaraq bu ələ borcluyuq. Bu əl müstəqil Azərbaycan dövlətinin əlidir. Onu idarə edənlərin əlidir. Qoy müstəqilliyimiz əbədi olsun, daimi olsun, dönməz olsun!

Məqalədə:
Xəbər lenti

Xəbər lenti