...

ABŞ digər ölkələrdəki "5-ci kolon"u da işə salıb

Baku 2015 : EUROGAMES Materials 22 İyun 2015 14:50 (UTC +04:00)
İlk Avropa Oyunlarına kölgə salmaq üçün ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirən qərəzli dairələr indi də Azərbaycana müttəfiq olan ölkələrdə "5-ci kolon"u işə salıblar.
ABŞ digər ölkələrdəki "5-ci kolon"u da işə salıb

İlk Avropa Oyunlarına kölgə salmaq üçün ölkəmizə qarşı qarayaxma kampaniyası həyata keçirən qərəzli dairələr indi də Azərbaycana müttəfiq olan ölkələrdə "5-ci kolon"u işə salıblar. Oyunlar ərəfəsində eyni mərkəzdən idarə olunan və eyni cibdən maliyyələşən beynəlxalq media resursları Bakı-2015 nüfuzlu idman tədbirinə kölgə salmaq üçün ən çirkin vasitələrə əl atdılar. Azərbaycanla bağlı intensiv şəkildə qərəzli, böhtan xarakterli məlumatlar dərc etdilər. Gah Avropa liderlərini boykota çağırdılar, gah da insan haqları, demokratiya təəssübkeşi qismində çıxış etməklə diqqəti əsas mahiyyətdən yayındırmağa çalışdılar.

Bir sözlə, bu vaxta qədər beynəlxalq arenada kifayət qədər nüfuz qazanmış, öz mövqelərini möhkəmləndirmiş Azərbaycanın idman sahəsindəki uğuruna mane olmaq üçün sınaqdan keçirmədikləri siyasi oyun qalmadı. Nəticə isə - fiasko. Çirkin antiazərbaycan kampaniyası effekt vermədi. Qərəzli dairələrin himayə etdiyi media resursları və "5-ci kolon" qismində çıxış edən antimilli ünsürlər sifarişin öhdəsindən gələ bilmədilər.

İlk Avropa Oyunları baş tutdu - dünya Azərbaycanın təqdimatında yüksək səviyyəli, orijinal təşkilatçılıq bacarığının şahidi oldu. Və artıq 11 gündür ki, Oyunlar gözlənildiyindən də yüksək səviyyədə keçirilir. Bu isə təbii ki, qərəzi dairələri, antiazərbaycan kampaniyasının idarəçilərini qıcıqlandırmaya bilməz. Nəzarətlərində olan, bu vaxta qədər istədikləri şəkildə, alət kimi istifadə etdikləri media resurslarının effekt vermədiyini görən Nulandın dirijor çubuğu indi də Azərbaycana müttəfiq olan ölkələrdəki "5-ci kolon"a istiqamətlənib. Beynəlxalq mediada özünü doğrultmayan "çeynənmiş", heç bir əsası və təsir gücü olmayan, eyni mənbədə hazırlanmış böhtan xarakterli materiallar indi də "Kiyevpost" (http://www.kyivpost.com/opinion/op-ed/lee-reaney-how-europes-ended-up-outside-europe-391632.html), "Moskotayms"da (http://www.themoscowtimes.com/opinion/article/sochis-ghost-haunts-baku/524083.html) dərc olunur. Məsələ burasındadır ki, bu sifarişli məqalələrdə də beynəlxalq mütəxəssislərin, Avropa idman elitasının Bakı-2015 ilə bağlı səsləndirdiyi müsbət fikirlər tam təhrif edilib. Ən diqqətçəkən məqam isə odur ki, adıçəkilən internet media resurslarının heç birində ilk Avropa Oyunları haqqında informasiya xarakterli, neytral məlumatlara rast gəlinmir. Halbuki həm Rusiya, həm də Ukrayna ilk Avropa Oyunlarında iştirak edən çoxsaylı nümayəndə heyətləri sırasındadır. Və məntiqlə Bakı-2015 yarışları ilə bağlı ən operativ informasiyalar məhz bu nəşrlərdə işıqlandırılmalıdır. Lakin istər "Moskotayms", istərsə də "Kiyevpost"da Oyunlarla bağlı dərc olunan bütün məlumatlarda mahiyyətdən uzaq, qərəzli fikirlərin yer alması sifarişin mənbəyini müəyyən etməyə imkan verir. Sözsüz ki, arqumentləri tükənən qərəzli dairələr bununla Azərbaycanla müttəfiq ölkələr arasında soyuqluq yaratmağa can atırlar.

İndi də bu yolla ilk Avropa Oyunlarını siyasiləşdirmək, bu nüfuzlu idman tədbirinin əhəmiyyətini azaltmaq ssenarisini davam etdirmək niyyəti güdürlər. Lakin praktika göstərdi ki, artıq bu cür ssenarilər effekt vermir.

Antiazərbaycan kampaniyasına qoşulan dünyanın aparıcı KİV-ləri (BBC, Guardian, Independent, Assosiated Press) qərəzli dairələrin sifarişi əsasında ilk Avropa Oyunları ilə bağlı dezinformasiya xarakteli məlumatlar yaymaqla əslində Bakı-2015 yarışlarını yox, öz nüfuzlarını gözdən saldılar, özlərini ifşa etdilər. Sarı bulvar mətbuatından heç nə ilə fərqlənmədiklərini təsdiqlədilər.

Müttəfiq ölkələrdəki "5-ci kolon"un bu çirkin siyasətə cəlb edilməsinə gəlincə, bu ssenarinin də işləməyəcəyi aydındır. İlk növbədə ona görə ki, artıq bu qərəzli ünsürlər Rusiya-Ukrayna münaqişəsi zamanı lazımi qədər istifadə olunublar. Və müttəfiq ölkələrdə də cəmiyyətin mütləq əksəriyyəti "5-ci kolon" qismində çıxış edən bu qərəzli daiərələrin eyni mərkəzdən idarə olunduğunu, sifariş yerinə yetirdiyini anlayır. Bu baxımdan istər "Moskotayms", istərsə də "Kiyevpost"un imici, onların hansı dairələrə qulluq etdiyi, kimlər tərəfindən idarə olunduğu bəllidir. Sözügedən nəşrlərin oxucu auditoriyasının da kimlərdən ibarət olduğunu təxmin etmək o qədər çətin deyil. Digər tərəfdən, Azərbaycanın müttəfiq ölkələrlə əməkdaşlığı geniş coğrafiyanı əhatə edən, balanslı xarici siyasətlə tənzimlənir. Bu gün rəsmi Bakının siyasi və iqtisadi iradəsi sayəsində reallaşan qlobal enerji layihələri hesabına regionda yeni, çoxtərəfli əməkdaşlıq modeli formalaşıb. İstər regionda, itərsə də Avropada etibarlı tərəfdaş imici qazanan Azərbaycan müttəfiqləri ilə münasibətləri hansı səviyyədə inkişaf etdirməyi də özü müəyyən edir. Bəlli çevrələrin idarə etdiyi "5-ci kolon"un destruktiv fəaliyyətinin isə müttəfiq ölkələrlə münasibətlərə təsir edəcəyinə inanmaq sadəlövhlük olardı. Bu baxımdan ilk Avropa Oyunlarını gözdən salmağa hesablanmış arqumentləri tamamilə tükənən ABŞ-ın dirijor çubuğunun müttəfiq ölkələrdə də boşa çıxacağı dəqiqdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti