...

Qadın paracüdoçumuz Avropa Oyunlarının gümüş medalını qazandı

Baku 2015 : EUROGAMES Materials 26 İyun 2015 19:39 (UTC +04:00)
Azərbaycanın Avropa Oyunlarındakı yeganə gözdən əlil qadın cüdoçusu yarışların gümüş medalını qazanıb.
Qadın paracüdoçumuz Avropa Oyunlarının gümüş medalını qazandı

Azərbaycan, Bakı, 26 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın Avropa Oyunlarındakı yeganə gözdən əlil qadın cüdoçusu yarışların gümüş medalını qazanıb.

Trend xəbər verir ki, bu gün Heydər Əliyev adına İdman Sarayında paracüdoçular arasında yarış keçirilib. Azərbaycanın 57 kq-dək çəki dərəcəsindəki gözdən əlil qadın cüdoçusu Səbinə Abdullayeva finalda Ukrayna təmsilçisi İnna Çernyakla üzləşib.

Görüş ərzində bir yuko xalı ilə irəlidə olmasına baxmayaraq, təmsilçimiz üstünlüyünü qoruyub saxlaya bilməyib. Görüşün ortasında ipponla qiymətləndirilən fənd işlədən ukraynalı idmançı qalib gələrək Avropa Oyunlarının qızıl medalını qazanıb. Səbinə isə Oyunlarda gümüş medal əldə edib.

S.Abdullayeva bundan əvvəlki mərhələlərdə ispan Mariya Monik Merensiano Herrero və ukraynalı Nataliya Nikolayçuku məğlub etmişdi.

Xatırladaq ki, cüdo Avropa Oyunlarında yeganə idman növüdür ki, paralimpiyaçıların yarışı baş tutur. Cəmi bir gün keçirilən paralimpiyaçıların yarışlarında Azərbaycanı 3 gözdən əlil cüdoçu təmsil edib. Kişi paracüdoçularımızdan 90 kq-dan artıq çəkidə təmsilçilərimizdən biri İlham Zəkiyev yarışların qızıl, həmin çəkidəki digər idmançımız Zakir Mislimov isə bürünc medal uğrunda görüşə çıxacaq.

Qeyd edək ki, bu gün cüdo yarışlarına Azərbaycanın 8 təmsilçisi qoşulub. Onlardan 5 nəfəri - Xanım Hüseynova (-63), Nuriyyə Axundova (-63), Nərgiz İbrahimova (-70), Validə Mirzəzadə (-70) və Rüstəm Orucov (-73) artıq mübarizəni erkən mərhələlərdə dayandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti