Azərbaycan, Bakı, 6 yanvar /Trend, müxbir Ş.Cavadsoy/
"Maşın" realiti-şousunun 11-ci "Revanş" sürətinin yekunlaşması ötən ilə təsadüf etsə də, "Tumurcuq" təxəllüslü aktyor Müşviq Şahverdiyev qalib kimi bahalı avtomobilinə qovuşaraq olduqca xoş günlərini yaşayır. Finala doğru odlu-alovlu çıxışları ilə hələ də tamaşaçıların xatirindən çıxmayan aktyor Trend-ə müsahibəsində çox maraqlı mətləblərə toxunaraq qalib kimi təəssüratlarından danışdı:
- Maşınımla şütüyürəm şəhərdə. Sponsor şirkətlərin adları həkk olunan yarlıqlar da üstündədir, qoparmamışam heç (gülür).
- Avtomobil sürməyi bacarırsan ki?
- Əlbəttə. Bundan əvvəl bir neçə maşınım olub. Sadəcə ya təsadüfdən ya da zərurətdən bu dəfə elə alındı ki, maşınım olmayan vaxt mübarizəyə qatıldım və Allahın köməkliyi ilə qalib oldum. İki ay bundan əvvəl "BMW 5"mi satmışdım.
- Şounun 9-cu "Qızıl həyəcanı"nda da finala qədər mübarizə apardın, amma qalib gəlmək qismət olmadı. İki sürətdən sonra yenidən maşın uğrunda "döyüş"ə atılmağına necə şərh verərdin?
- Açıq desəm, heç 5 faiz ümidim yox idi finala qədər gəlib çıxacağıma. Tamaşaçılar da görürdü ki, çox böyük qruplaşma var idi şouda. Başda xalq artisti Aygün Kazımova, müğənnilər - Röya Ayxan, Abbas Bağırov və rejissorlar qrupu - Aqil M.Quliyev, Kənan M.M, həmçinin Maestro Ceyhun olmaqla, onların hər biri ilə əvvəllər münasibətimiz olsa da dərindən tanışlığımız şounun gedişatında baş verdi. İlk günlər əsas məqsədim o idi ki, şounu birinci və ya ikinci-üçüncü tərk etməyim. Elə oldu ki, oyunda mövqeyimi möhkəmlətmək çətin olmadı. Və mən sakitcə Röya xanımın rəhbərlik etdiyi böyük qruplaşmaya tərəf yaxınlaşdım. Zarafatlarım, gülüb-danışmağımla qruplaşma üzvlərinin sevgisini qazandım. Və əmin oldum ki, sona qədər toxunulmaz iştirakçı olmağa müvəffəq olacağam. Hətta deyərdim ki, qrup üzvləri sona yaxınlaşdıqca, bəzən məni qoruyurdular. İnanmazdım ki, qalib olaram.
- Səncə, Müşviq Şahverdiyev tamaşaçıların gözündə necə obraz yaratdı?
- Şounu qalib kimi tərk edəndən sonra küçədə tanımadığım insanlar yaxınlaşaraq öz fikirlərini söyləyirlər. Bəziləri tərifləyir ki, halal olsun, əla oyun göstərdin, bəziləri kövrək olmağımdan danışırlar. Əsasən şouda güclü rəqiblər olan müğənni Vasif Məhərrəmli ilə skripkaçı Ceyhun İsmayılovu oyundan kənarlaşdırmağım tamaşaçıların ürəyincə olub. Müğənni Günel Ələkbərova ilə aramızda olan insident hardasa reytinqimə mənfi təsir göstərə bilərdi. İrad bildirənlərlər çox az sayda olsa da, məni qınayanlar oyunda günün lideri olduğum zaman Günellə intriqaya qoşulmağımı artıq hesab ediblər. Oldu keçdi. Bir məlumatı da deyim ki, qalib kimi studiyadan avtomobillə çıxan andan birbaşa şəhərə sürdüm. Həqiqətən mənim uğuruma sevinən yüzlərlə insanla qarşılaşdım. Azərbaycanın müxtəlif bölgələrindən zəng vuran pərəstişkarlarımın da sayı-hesabı yoxdur. Hətta Şamaxıdan olan bir azərkeşim xahiş edib ki, gəlib qapımızda qurban kəssin. Ata-baba yurdum Lənkərandan, hətta qonşu İrandan, Rusiyanın müxtəlif vilayətlərindən belə tanımadığım insanlar qalib olduğum üçün qurban kəsmək istədiklərini deyirlər. İnsanların mənə olan sevgilərini gördükdə, həqiqətən heyrətimi gizlədə bilmirəm. Baxmayaraq ki, 6-7 il olar səhnədəyəm, amma bu qədər xalq sevgisini duymamışdım. Bu mənə hədsiz sevinc verir.
- Gəlin səmimi danışaq. Avtomobili satmağı ağlından keçirirsənmi?
- İnanın ki, yox. Bayramlarla əlaqədar olaraq maşın üçün dövlət nömrə nişanı hələ almasam da, dediyim kimi, doyunca sürürəm qazandığım hədiyyəmi. Kim görürsə maşının mənə yaraşdığını deyir. Çox ləzzət alıram bu sözləri eşidəndə. İndi sizinlə dostumun ofisindən danışıram. İçəridə olsam da, küçədə avtomobillə insanların şəkil çəkdirdiklərini görürəm. İstəyirəm ki, Allahın köməkliyi ilə həmişə özüm idarə edim bu avtomobili.
- İndi kifayət qədər populyarsan. Tərəf müqabilin, yumorist Fərda Xudaverdiyevlə birlikdə səni dəstəkləyən tamaşaçılar qarşısında hansısa hesab xarakterli proqramla çıxış etməyi planlaşdırırsanmı?
- Bu sözləri mənə istedadlı prodüser, rəqibsiz şoumen və ən nəhayət "Maşın" realiti-şousunun yaradıcısı Murad Dadaşov da deyib ki, qazandığım reytinqdən düzgün istifadə etməliyəm. Çünki uzaqbaşı tamaşaçılar bir ay mənim qalibiyyətimdən danışa bilərlər. Əgər heç nə etməsəm, gündəmdən asanlıqla uzaqlaşacağam. Ona görə də tərəf müqabilim, qardaşım Fərda ilə ciddi layihələr üzərində işlərimizi davam etdiririk. Allahın köməkliyi ilə yəqin ki, fevralın ilk ongünlüyündə tele-layihəmizlə tamaşıçıların görüşünə gələcəyik.
- Müşviq, şounun iştirakçılarından kimlər uğuruna sevinib səni təbrik etdilər?
- İştirakçılardan deyərdim ki, ilk olaraq şoudan uzaqlaşdırdığım müğənni Vasif Məhərrəmli məni təbrik etdi. Açığı onun belə bir addım atacağını heç gözləmirdim. Elə bilirdim ki, şoudan sonra biz bir daha görüşüb-danışmayacağıq. Çünki mən 9-cu sürətdə iştirak etdiyim zaman meyxanaçı Ağamirzəni şoudan kənarlaşdırdığım gündən aramızda olan dostluq münasibətləri kəsilib. Gizlətməyəcəyəm, indiyə qədər də Ağa ilə küsülüyük, möhkəm inciyib məndən. Şoudan ikinci kənarlaşdırdığım oyunçu - skripkaçı Ceyhun İsmayılov isə avtomobilin açarları mənə təqdim olunan sonuncu gün canlı yayıma gəlməmişdi. İndi deyə bilmərəm, o, nə səbəbdən gəlməmişdi. Adi elefon zəngi ilə də məni təbrik etmədi. Bir də mənə elə gəlir ki, müğənni Günelə deyəsən çox pis təsir etdi mənim qalib olmağım. Qalan iştirakçıların hər biri xeyir-dualarını əsirgəmədilər...