...

Özünə vurğun müğənni Əkbər çəkiliş meydançasında kimə qurban oldu? (FOTO)

Mədəniyyət Materials 13 İyun 2011 17:40 (UTC +04:00)
Qalmaqallardan uzaq, ancaq yaradıcılığı ilə gündəmdə olmağa çalışan Azərbaycanın populyar estrada müğənnisi Əkbər nəhayət ki, tənbəlliyin daşını atıb kameralar qarşısına keçdi.
Özünə vurğun müğənni Əkbər çəkiliş meydançasında kimə qurban oldu? (FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir Ş.Cavadsoy/

Qalmaqallardan uzaq, ancaq yaradıcılığı ilə gündəmdə olmağa çalışan Azərbaycanın populyar estrada müğənnisi Əkbər nəhayət ki, tənbəlliyin daşını atıb kameralar qarşısına keçdi. İllərdən bəri dostluq etdiyi bəstəkar-müğənni Rəhim Rəhimlinin yazdığı "Sənə qurban" mahnısını ekranlaşdırmaqdan ötrü klipmeyker Nail Naiboğluya müraciət edən müğənni, Trend-ə açıqlamasında doğru seçim etdiyindən ağızdolusu danışdı.

"Mənə tənbəl müğənni deyəndə acığım gəlir. Axı, digər həmkarlarımdan fərqli olaraq, hər gün bir restoranın səhnəsində konkret şou-proqram aparır və oxuyuram. Sadəcə qalmaqallı insan olmadığım üçün gündəmdən uzaq düşürəm. Əsas odur ki, özümə məxsus olan pərəstişkarlarım var və mən onlar üçün oxuyuram. Elə "Sənə qurban" mahnısına klip çəkməyə də məhz onların israrları əsasında qərar verdim. Təşəkkür edirəm rejissor Nail Naiboğluna ki, ideyalarımla razılaşdı və indi də çəkiliş meydançasındayıq", - Əkbər belə dedi.

Süjet xətti olmayan klipdə bircə oriental rəqslərin ifaçısı Nata adlı xanım müğənni ilə tərəf müqabilində çəkilib.

Trend-ə danışan rejissor Əkbərlə işləməyin çətin olmadığını söylədi. "Çəkiliş zamanı kompromisə getməyi, söz eşitməyi bacaran müğənni ilə işləmək istənilən rejissor üçün stimul verir. Əkbərlə tanışlığımız uzun illərə söykənsə də, ilk dəfədir ki, onunla birgə işbirliyimiz gerçəkləşir. Klipin quruluşçu operatoru Elmir Süleymanov, prodüseri isə Pərviz Oqtayoğludur. Əkbərin öz istəyi ilə klipdə ancaq özü ön planda olacaq. Mahnı ritmikdir və əsl yay hiti kimi səs-küy salacaq", - Nail dedi.

Beləcə "Motor!" verildi və çəkilişə başlanıldı. Bakının mebel mağazalarının birindən pavilyon kimi yararlanan yaradıcı heyət bir neçə dəqiqə keçmədi ki, müğənninin xarizmatik olduğunu görüb onun aktyor bacarığına heyran oldular.

Komandada tərəddüdlü görünən insan oldusa, o da stilist Anar Ağakişiyev idi. Əkbərin ciddi-cəhdlə qrim olunmaqdan imtina etməsinə baxmayaraq, çəkilişin uğurlu alınmasına görə səbəbkara məcburən də olsa, aktyorlar üçün nəzərdə tutulan qrimdən edildi.

Bir neçə saat davam edən çəkiliş üçün nə qədər maliyyə vəsaitinin xərclədiyini söyləməyən Əkbər, heç söhbətimiz zamanı mahnını kimə ünvanladığı barədə də bir söz demədi. "Mən özümü çox istəyirəm, elə özümə də qurban olaram (gülür). Doğru sözümdür, insan birinci növbədə özünü sevməsə, ətrafındakılara da hörmətlə yanaşa bilməz. Bu mənim gəldiyim qənaətdir", - müğənni əlavə etdi.

Qeyd edək ki, "Sənə qurban" mahnısını müğənni 7-8 il öncə repertuarına daxil edib. Səs rejissoru Giviyə müraciət edən Əkbər, mahnını yenidən oranjman etməklə ona ikinci həyat verdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti