Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir M.Əliyev/
Türkiyənin bəzi yazıçılarına Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bəxtiyar Vahabzadə Beynəlxalq Mükafatı təqdim olunub.
Trend-in məlumatına görə, bu mükafata Türkiyədə fəaliyyət göstərən Avrasiya Yazarlar Birliyinin sədri Yaqup Dəliöməroğlu, "Qardaş qələmlər" dərgisinin baş redaktoru Əli Ağbaş və yazıçı-tərcüməçi İmdat Avşar layiq görülüb.
Təqdimat mərasimində çıxış edən AYB sədri Anar bildirib ki, Avrasiya Yazarlar Birliyi qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, bir sıra böyük işlər görməyə müvəffəq olub. Bu müddətdə Birliyin təşəbbüsü ilə Türkiyədə Azərbaycan yazıçılarının əsərləri nəşr olunub. "Qardaş qələmlər" dərgisi isə artıq bir neçə ildir türk dünyası ədəbiyyatından nümunələr çap etməklə türk dünyası yazıçılarının təbliğində əvəzsiz rol oynayır.
Təqdimat mərasimindən sonra Azərbaycanın bir qrup şair və yazıçılarına, o cümlədən Anar, Rəşad Məcid, Xəzangül, Əjdər Ol, Elçin Hüseynbəyli, Qulu Ağsəs və Aqil Abbasa Avrasiya Yazarlar Birliyinin üzvlük vəsiqələri verilib.