...

Moldovada Azərbaycan Kinosu Günlərinə start verilib (FOTO)

Mədəniyyət Materials 13 Noyabr 2012 19:32 (UTC +04:00)
Noyabrın 11-15-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti iştirak edir.
Moldovada Azərbaycan Kinosu Günlərinə start verilib (FOTO)

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Noyabrın 11-15-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri keçirilir. Zəngin proqramı olan tədbirlərdə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyəti iştirak edir.

Trend Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nümayəndə heyətinə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, Teatr Xadimləri İttifaqının sədri, xalq artisti Azərpaşa Nemətov, Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi, Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupu daxildirlər.

Noyabrın 12-də rəsmi nümayəndə heyəti ilə Moldova Mədəniyyət Nazirliyində görüş keçirilib. Moldovada Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsinin ölkələrimiz arasında mədəni əməkdaşlığa yeni təkan verəcəyini bildirən Moldovanın mədəniyyət naziri Boris Fokşa tədbirin əhəmiyyətindən danışıb. O, xalqlarımız arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu bildirərək mədəniyyətin müxtəlif sahələrində əməkdaşlıq məsələlərinin, ümumi problemlərin həlli yollarının müzakirə olunacağını qeyd edib.

Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev nümayəndə heyəti adından səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkür edərək, Azərbaycanla Moldova arasında mədəni əlaqələrin vəziyyəti barədə fikirlərini bildirib. Nazir müavini 2007-ci ildə Moldovada, 2008-ci ildə isə Azərbaycanda qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsini xatırladaraq, ötən dövr ərzində ölkəmizin mədəni həyatında baş verən yeniliklər barədə məlumat verib, bu gün Azərbaycanın beynəlxalq mədəniyyət tədbirlərinin məkanına çevrildiyini bildirib. Vəliyev ölkəmizdə mədəniyyətin müxtəlif sahələrinə aid qanunların qəbul edilməsi, dövlət proqramlarının təsdiqlənib icra edilməsi, müasir tələblərə cavab verən yeni mədəniyyət mərkəzlərinin inşası, ehtiyacı olan binalarda əsaslı bərpa-yenidənqurma işlərinin aparılması, mədəniyyət xadimlərinə göstərilən dövlət qayğısı və həyata keçirilən uğurlu islahatlar barədə ətraflı məlumat verib, ölkə Prezidenti İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın dəstəyi və qayğısı sayəsində ölkəmizin mədəni həyatını zənginləşdirən böyük layihələrin əhəmiyyəti vurğulayıb.

Görüşdə yaradıcı gənclərin fəaliyyətinin dəstəklənməsi naminə təşkil edilən müsabiqə və festivallar, ölkədə fəaliyyət göstərən yaradıcılıq ittifaqlarının müasir tələblər səviyyəsində çalışması üçün görülən işlər və digər məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Görüşdə, həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verilərək, Azərbaycan torpaqlarının işğal edilməsi nəticəsində mədəni sərvətlərimizin talan olunduğu bildirilib.

Görüşün sonunda Azərbaycan mədəniyyət və turizm nazirinin adından Moldovanın mədəniyyət nazirinə hədiyyə təqdim edilib. Ardınca Moldovanın Mədəniyyət Nazirliyində mətbuat konfransı keçirilib. Konfransda Azərbaycanın bu ölkədəki səfiri Namiq Əliyev Mədəniyyət Günlərinin proqramı və əhəmiyyəti barədə məlumat verib. Jurnalistlərin ölkəmizin mədəni həyatının müxtəlif sahələri barədə sualları ətraflı cavablandırılıb.

Noyabrın 12-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişinyov şəhərinin "Odeon" Mədəniyyət Mərkəzində Azərbaycan Kinosu Günlərinə start verilib. Hər iki ölkənin rəsmi nümayəndə heyətinin iştirakı ilə başlanan tədbirdə Dövlət Film Fondunun direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edib. O, ölkəmizdə kinonun tarixi, inkişaf yolları, bugünkü durumu barədə geniş məlumat verərək, Azərbaycanla Moldova kinematoqrafçılarının birgə əməkdaşlığı barədə maraqlı faktları diqqətə çatdırıb. Tədbirdə nümayiş etdirilən, Azərbaycan kinematoqrafçılarının son illər istehsal etdiyi "Çölçü" bədii filmi maraqla qarşılanıb.

Həmin gün axşam Çexov adına Moldova Dövlət Rus Dram Teatrında Azərbaycan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. Teatrın foyesində isə "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" adlı foto və turizm sərgisinin təqdimatı olub. Ölkəmizin zəngin turizm imkanlarına aid çap materialları, qədim tarixini, mədəni irs nümunələrini və müasir görkəmini əks etdirən fotolar tamaşaçılarda böyük təəssürat yaradıb.

Azərbaycan Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimində Moldovanın mədəniyyət naziri Boris Fokşa və Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış ediblər. Çıxışlarda ölkələr arasında qarşlıqlı mədəniyyət mübadiləsinin əhəmiyyəti qeyd edilib və bu ənənənin xalqlarımızın daha da yaxınlaşmasına səbəb olacağı bildirilib.

Sonra mərasim Azərbaycan Dövlət Rus Dram Teatrının quruluşunda "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşasının nümayişi ilə davam edib. M.F.Axundzadənin 200 illik yubileyi münasibətilə hazırlanan iki hissəli səhnə əsəri tamaşaçıların böyük marağına, gurultulu alqışlara səbəb olub. Tədbirdə Moldovanın keçmiş Prezidenti Petro Luçinski, xarici ölkələrin Moldovada akkreditə olunmuş səfirləri, deputatlar, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Mədəniyyət günləri davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti