...

Fransa mətbuatı Azərbaycanın mədəniyyət günlərindəki triumfundan yazır (FOTO)

Mədəniyyət Materials 18 İyul 2013 17:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Avropanın kinematoqrafiya paytaxtı, kurort, festivallar və bayramlar şəhəri olan Kann bu yay yerli sakinlər və turistlərin yaddaşında Azərbaycanla qaldı.

Trend-in məlumatına görə, şəhəriçi və ətrafındakı Azərbaycan bayraqları, ölkəni tanıtım banerləri və posterləri hamıya möhşəm Azərbaycan həftəsindən xəbər verirdi.

Ölkəmizin təbliği, Azərbaycan həqiqətlərinin Fransada tanıdılması məqsədilə paytaxt Parislə yanaşı, 16 şəhərdə və regionda mədəniyyət layihəsi həyata keçirən Heydər Əliyev Fondu bu dəfə Kannda mədəniyyət, incəsənət və ənənələrimizi tanıdan proqram tərtib etmişdi.

İyulun 4-dən 7-dək Lacivərd sahilinin ürəyi Azərbaycanla döyünürdü. Bu günlər Kannın hər bir yerində Azərbaycanı görmək, hiss etmək mümkün idi. Bütün həftə boyu yerli medianın - "Le Figaro", "Diapason", "Nice-Matin", "Le Cannois", "BeauxArts" kimi nəşrləri, televiziya və radioların diqqəti Azərbaycana yönəlmişdi.

"Rəngarəng işıqlar canlı musiqi ilə gözəl həmahənglik yaradırdı. Bununla Asiya və Avropa arasında yerləşən ölkəyə həsr edilmiş festival açıq elan olundu. Bu, özünü təbliğ etməyin gözəl üslubudur". Fransanın "Nice-Matin" qəzeti Kannda keçirilən beynəlxalq "Pirotexnika sənəti" festivalında ilk dəfə təmsil olunan Azərbaycanın çıxışını belə təqdim edib:

"Atəşfəşanlığı seyr etmək istəyənlər üçün sahildə və Kruazett bulvarında kifayət qədər yer ayrılmışdı. Tamaşaçılar izlədiklərindən çox məmnun idilər. Bu şərəf Azərbaycana məxsus idi. Və demək olar ki, bu Qafqaz ölkəsi bütün mümkün imkanlardan istifadə etmişdi. Burada həm effektlərdən, həm də müxtəlif pirotexnik vasitələrdən istifadə olunmuşdu. Maraqlı və parlaq sonluqlu təntənəli şou demək olar ki, bütün Kann sahilini və səmasını bürümüşdü".

Kannda hər il keçirilən beynəlxalq "Pirotextika sənəti" festivalının açılışını edən Bakı Atəşfəşanlıq qrupu "Azərbaycan musiqi və rənglərdə" şousu ilə səmada əsrarəngiz mənzərə yaratmışdı. Azərbaycan bəstəkarlarının musiqiləri və Kann səmasını bürüyən rəngərəng atəşfəşanlığı "Nice-Matin" qəzeti belə təsvir edir: "Bakı Atəşfəşanlıq qrupu Azərbaycan bayrağının rənglərini canlandırdı. Mavi, qırmızı və yaşıl zolaqlı bayraq atəşfəşanlıqda yol göstərən ulduz kimi göründü".

Həmin gecə Qara Qarayevin "Yeddi gözəl" baletindən vals, Niyazinin "Rast" simfonik muğamı, Fikrət Əmirovun "Şur" simfonik muğamı atəşfəşanlığı müşayiət edərək Avropanın mərkəzində möhtəşəm gecə yaşatdı. Azərbaycan günlərinin Kannda açılış şousu elə "Azərbaycan" mahnısı ilə də başa çatdı. İrəlidə isə sakinləri və turistləri zəngin bir proqram-müasir və klassik musiqilərimiz, tarixi və müasir Azərbaycana dair sərgilər, Azərbaycanın milli mətbəx günü gözləyirdi.

"Festivallar sarayının qarşısında quraşdırılmış Azərbaycana dair plakatları nəzərdən qaçırmaq mümkün deyil. Bu plakatlar Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş "Qafqazın inciləri" adlı layihə ilə əlaqədar quraşdırılıb. Layihənin məqsədi hər bir kəsi Azərbaycan mədəniyyətinin özəllikləri ilə tanış etməkdir. Heydər Əliyev Fondu bütün Fransanı əhatə edən turdan sonra Azərbaycanın mədəni sərvətlərinin nümayişi üçün ən layiqli şəhər axtarışında idi və bu, Kann şəhəri oldu", - deyə "Le Cannois" qəzeti yazır. "Azərbaycan şərəf duyar" başlıqlı bu yazıda iyul ayı ərzində Kannda yaşanacaq Azərbaycan ab-havasından bəhs edilir: "Bayramın proqramına melomanlar üçün Dövlət Simfonik Orkestrinin ifasında və Kann şəhərinin meri Bernar Broşan, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın iştiraki ilə keçirilən konsert daxildir. Festivallar sarayında Azərbaycanın ənənəvi və müasir incəsənətinə dair sərbəst girişli sərgilər təşkil olunub. Kinonun vətənində filmdən söz açmamaq mümkün deyil. Kann şəhərində tamaşaçılara "Arşın mal alan" filmi nümayiş etdirilib. Ümumiyyətlə, bu ay Kann şəhərində silsilə tədbirlər keçiriləcək".

Qeyd edək ki, Heydər Əliyev Fondu "Azərbaycan Kannda" mədəniyyət günləri layihəsində ölkənin tarixini və maddi-mənəvi sərvətlərini təbliğ edən xüsusi proqramlara önəm vermişdi. Məsələn, Kannda, Lacivərd sahilin ən qaynar məkanı Kruazettdə keçirilən beynəlxalq "Qız qalası" sərgisi həm fərqli ölkələrin müxtəlif din və adət-ənənələri olan rəssamlarını bir araya gətirir və Azərbaycanı mədəniyyət beşiyi kimi təqdim edir, həm də qədim abidəmiz olan "Qız qalası"nı təbliğ edir. 2010-cu ildən təşkil olunan bu festival ilk dəfə idi ki, Azərbaycandan kənarda - Kann şəhərində keçirilirdi.

"Qız qalası" sərgi-festivalının əsas məqsədi tarixi abidənin maketi üzərində müxtəlif ideyaların canlandırılmasıdır. Yerli və xarici rəssamlar öz milli üslublarında qalanın maketini bəzəyərək fərqli mədəniyyət və adət-ənənələrin sintezini və qarşılıqlı mübadiləsini əks etdirirlər.

Ətraf mühitin qorunmasına xüsusi diqqət yetirən Heydər Əliyev Fondu Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşən ceyranların maketlərinin bəzədilməsi ilə bağlı həyata keçirdiyi layihəni də Kannda nümayiş etdirdi. Ümumilikdə, sərgidə 26 rəssamın Qız qalası, 17 rəssamın isə ceyran kompozisiyaları tamaşaçılara təqdim olundu.

Həmçinin, Azərbaycanın kino tarixi elə kinematoqrafiyanın paytaxtındaca fransızcaya tərcümədə nümayiş olundu.

Fransanın məşhur "Diapason" jurnalı isə diqqəti muğam və Azərbaycan ritmləriniə çəkir: "Kann şəhəri iyul ayı ərzində Qafqaz incisinin mədəni sərvətini təmsil edən çoxsaylı nümayəndə heyətini qəbul edəcəkdir. Musiqi, rəqs, caz, müasir təsviri incəsənət, fotoqrafiya və ya heykəltəraşlıq-bu sahələrin heç biri diqqətdən kənar qalmayacaq.

Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qafqaz incisi mədəniyyət həftəsi Kann şəhərində geniş işıqlandırılır.

Festivallar sarayı və ya Kruazett bulvarının nüfüzlu səhnələrindəki silsilə tədbirlər bu ölkənin musiqi ənənələrinin üstünlüyü və zənginliyini təcəssüm etdirir. Bu ənənələr sırasında 2003-cü ildə YUNESKO tərəfindən bəşəriyyətin Şifahi və Qeyri-maddi irs siyahısına daxil edilən və ölkənin rəmzi sayılan muğam musiqisi də yer alıb. Muğam qədim tar, kamança və qavalın müşayiəti ilə əsrlər boyu yaşayıb və bu gün ustad Alim Qasımovun ifasında dünyanı dolaşır".

Jurnal daha sonra qeyd edir: "Bu musiqi XX əsrin əvvəllərində Azərbaycan klassik bəstəkarlar nəslini yetişdirdi. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, habelə onların avropalı müasirləri olan Bartok, Prokofyev, Şostakoviç musiqilərini muğamın təsiri altında bəstələmişlər. Bu müxtəlif repertuar dirijor Fəxrəddin Kərimovun mükəmməl rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestri, pianoçu, xalq artisti, professor, beynəlxalq müsabiqələr laureatı Murad Adıgözəlzadə və gənc skripka ifaçısı, bir çox beynəlxalq müsabiqələr, habelə Karol Lipinski və Henrix Venyavski adına 11-ci Gənc Skripka İfaçılarının beynəlxalq müsabiqəsinin laureatı Elvin Gəniyev tərəfindən ifa olunur. Virtuoz pianoçu və caz ifaçısı İsfar Sarabski isə "Art Deco de la Villa Domergue"nin səhnəsində qədim muğam və cazı səsləndirir. 2010-cu ildə Cənubi Koreyada keçirilən beynəlxalq festivalın qalibi olan nağara ifaçısı Natiq Şirinov da Kann şəhərində təşkil edilən mədəniyyət həftəsinin iştirakçılarındandır. Onun rəhbərlik ilə "Natiq" Ritm Qrupu Kruazett səhnəsində nağara ifası təqdim etdi. Bu möhtəşəm və rəngarəng çıxış Eurovision Mahnı Müsabiqəsi 2012-də diqqət çəkmişdi. Bu ifa Qafqaz ənənələrini, ritmlərini özündə gözəl əks etdirir".

Beləliklə, istər müasir "Qız qalası", "Ceyranlar" sərgisi, istər qədim və zəngin tariximizi nümayiş etdirən "Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri" sərgisi, istərsə də Azərbaycanı tərənnüm edən fotosərgi dünyanın nüfuzlu mədəniyyət mərkəzlərindən olan Kannda "Odlar Yurdu"nu bütün incəlikləri ilə təqdim edə bildi.

Kannın Festivallar sarayının nəhəng sərgi salonunda təşkil edilən ekspozisiyada Azərbaycanın xalçaçılıq məktəbi, milli geyimlərimiz, sənətkarlıq nümunələri və əlbəttə ki, zəngin Azərbaycan musiqisi - folklorumuz, klassik və caz musiqimiz, rəqslərimiz ölkəmizin təbliği ilə yanaşı, həm də xalqlar arasında daha bir körpü qurmuş oldu.

Əslində, mədəniyyət insanların və xalqların bir-birini dərindən tanıması və olduğu kimi görməsi üçün bir vasitədir. Və Heydər Əliyev Fondunun bu layihəsi Azərbaycanı və Azərbaycan həqiqətlərini olduğu kimi təqdim etməyə imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti