Azərbaycan, Bakı, 9 iyun /Trend/
İyunun 13-dən 27-nə qədər Bakı Müasir İncəsənət Muzeyində gənc kurator Samir Sefinin debüt layihəsi olan Nuda Veritas sərgisi keçiriləcək.
Trend-in məlumatına görə, başlıca kurator ideyası zamanında sovet senzurasının şərtləri daxilində Azərbaycan incəsənətinin liberallaşdırılması üçün zəmin yaratmış doqquz rəssam - Əşrəf Murad, Rasim Babayev, Cavad Mircavadov, Altay Sadıxzadə, Mir Nadir Zeynalov, Eldar Qurban, Kamal Əhməd, Hüseyn Haqverdi və Sabina Şıxlinskayanın işlərinə əsaslanır.
Nuda Veritas (Latın dilindən tərcümədə Çılpaq Həqiqət) layihəsinin adı sadəcə icazə verilənin sərhədlərini genişləndirmək deyil, eyni zamanda sosial realizmin pik həddində müəllifin subyektiv qavraması, şəxsi təcrübə və həyəcanları əsasında qurulmuş fərqli incəsənət yaratmaq cəhdini əks etdirir.
Rəssamların müxtəlif zamanlarda üz tutduğu çılpaq natura təsviri XX əsrin ikinci yarısında Azərbaycanda həqiqət və özünüifadə axtarışının metaforasına, həmçinin rəsmi ideologiya ilə mübarizə simvoluna çevrilmişdir.
Sərginin konsepsiyası 2013-cü ilin mart ayında qeyri kommersiya təşkilatı olan YARAT Müasir İncəsənət Məkanının təhsil proqramı çərçivəsində Azərbaycanın əməkdar rəssamı Sabina Şıxlinskaya tərəfindən aparılan "Müasir incəsənətdə kurator və mediator təcrübələri" adlı ustad dərs nəticəsində yaranmışdır.
Ustad dərsin üç iştirakçısının kurator ideyaları həyata keçirilməyə layiq görülmüş və bu ideyalar 2014-cü il ərzində Muzeyin tərkibində təmsil ediləcəkdir.
Nuda Veritas sərgisi gənc kuratorların layihə dövriyyəsini təmsil edir, təqdim edilmiş əsərlər isə Bakı Müasir İncəsənət Muzeyinin kolleksiyasının tərkib hissəsidir.
Nuda Veritas sərgisinin bəddi tərtibatında həm də gənc müəlliflər Fərhad Fərzəliyev audio kompozisiya və Anar Qurbanov video-vizuallaşdırma işləri ilə iştirak etmişlər.
Məkan: Müasir İncəsənət Muzeyi
Keçirilmə vaxtı: 13-27 iyun
İş saatları: Çərşənbə axşamı, Çərşənbə, Cümə axşamı, Cümə, Şənbə, Bazar günləri saat 11:00-dan 20:00-dək.
Biletin qiyməti: 5 AZN.