Azərbaycan, Bakı, 18 avqust /Trend/
Almaniyada ilk dəfə olaraq alman və ingilis dillərində Azərbaycanın milli mədəniyyətinə və mətbəxinə həsr olunmuş kitab işıq üzü görəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, komitənin və Avropa Azərbaycanlıları Konqresinin birgə əməkdaşlığı çərçivəsində gerçəkləşən layihənin məqsədi Azərbaycanın milli mədəniyyətini, qədim ənənələrini, zəngin irsini və mətbəxini avropalılara tanıtmaqdır. Bu məqsədlə Almaniyanın tanınmış fotoqraflarından biri, bu sahədə 40-dan artıq kitabın müəllifi Barbara Lutterbek artıq 10 gündən çoxdur ki, Azərbaycanda fotoçəkilişlər edir, lazımi materialları toplayır.
B.Lutterbek hesab edir ki, özünü, ölkəni, mədəniyyətini təbliğ etməyin əsas yolu onun mətbəxindən başlayır, çünki cəmiyyət yeni insanlarla qarşılaşdıqda, ilk növbədə, onların adət-ənənəsinə, mətbəxinə, həyat tərzinə diqqət yetirir. Məhz bu məqsədlə B.Lutterbek 17 illik fotoqraf fəaliyyəti dövründə Mərakeşdən Nepala qədər onlarla ölkənin mədəniyyəti ilə yaxından tanış olub və maraqlı kitablar ərsəyə gətirib.
İlk dəfə Azərbaycanda olan B.Lutterbek Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samira Patzerin müşayiəti ilə Bakı, Quba, Lahıc, Xınalıq, Qəbələ, Şəki, Şamaxı və digər bölgələrin zəngin mədəniyyəti, ənənələri, mətbəxi ilə yaxından tanış olub və bütün bunları fotokameranın yaddaşına köçürüb. Bu təamlardan dadmaq imkanı da qazanan alman xanımın ən çox bəyəndiyi yemək isə Azərbaycan mətbəxinin şah əsəri olan yarpaq dolması olub. Azərbaycanın mətbəxi ilə yanaşı, burada müşahidə etdiyi tolerantlığı, azadlığı, eyni zamanda, insanların səmimi münasibəti və qonaqpərvərliyini yüksək qiymətləndirən xanım fotoqrafın ən çox diqqətini çəkən isə qədimliklə müasirliyin təbii vəhdətidir: "Mən bu sintezi yalnız şəhərin gözəlliyində deyil, eyni zamanda, insanların özündə, təbiətində hiss edirəm. İnsanları müşahidə edərkən onların çox modern, eyni zamanda, bir o qədər də ənənələrə sadiq, ailəyə bağlı olduğunu görürəm".
Qeyd edək ki, B.Lutterbekin Azərbaycana həsr etdiyi kitabda Azərbaycan tarixini, mədəniyyətini, adətlərini, mətbəxini əks etdirən fotolar və qısa məlumatlar, həmçinin Azərbaycan mətbəxinin bəzi nümunələrinin hazırlanma qaydası da yer alacaq. Kitabın bu ilin sonunadək Almaniyada çap olunması, hər iki ölkədə isə təqdimat mərasiminin keçirilməsi planlaşdırılır.