...

Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Mədəniyyət Materials 23 Sentyabr 2014 16:16 (UTC +04:00)
Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşüb.
Avstriyada Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev ölkəmizdə səfərdə olan Avstriya hökumətinin mədəniyyət məsələləri üzrə məsləhətçisi, "Avropanın mədəniyyət paytaxtları" müsabiqəsinin münsiflər heyətinin üzvü Norbert Ridl ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, nazir müavini qonağı salamlayaraq Azərbaycan-Avstriya mədəni əlaqələrindən söz açıb. Qeyd olunub ki, 2000-ci ildən başlayaraq Avstriya-Azərbaycan mədəni əlaqələri mühüm inkişaf yolu keçib. 2003-cü ildə Avstriyada Qız qalası abidəsinin açılışı olub. 2006-cı ildə Vyanada Üzeyir Hacıbəylinin abidəsi ucaldılıb və dahi bəstəkarın "Aşın mal alan" operettası səhnəyə qoyulub.

Ə.Vəliyev, eyni zamanda, Azərbaycanda Avstriya mədəniyyəti günlərinin keçirilməsini, Vyananın musiqi kollektivlərinin Üzeyir Hacıbəyli və Qara Qarayev adına beynəlxalq musiqi festivallarında, eləcə də Qəbələ musiqi festivalında iştirakını, azərbaycanlı bəstəkar Əyyub Quliyevin Vyana kamera orkestri ilə birgə çıxışını, Avstriya bəstəkarı Arnold Şönberqin "İntizar" monodramının Bakıda tamaşaya qoyulmasını xatırladıb.

Görüşdə 2015-ci ilin oktyabrında Avstriyada Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi müzakirə olunub. Qeyd olunub ki, qarşılıqlı mədəniyyət günləri, incəsənət sahəsində mübadilə əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.

Nazir müavini vurğulayıb ki, Azərbaycanın dünyanın əksər ölkələri ilə mədəni əlaqələri var, 70-dən artıq ölkədə Azərbaycanla bağlı tədbirlər, mədəniyyət günləri, sərgilər gerçəkləşdirilib. Heydər Əliyev Fondu bu istiqamətdə layihələrin həyata keçirilməsinə mühüm dəstək verir. Bu sırada Avstriya ilə əlaqələrin inkişafı da xüsusi önəm kəsb edir.

N.Ridl Azərbaycana səfərindən məmnunluğunu ifadə edərək bildirib ki, ötən müddətdə iki ölkə arasında keçirilən mədəniyyət tədbirlərinin iştirakçısı olub və həmin anları çox gözəl xatırlayır. O, ikitərəfli mədəni əlaqələrin inkişafına Heydər Əliyev Fondunun göstərdiyi dəstəyi yüksək qiymətləndirib.

Bugünkü əməkdaşlığın səviyyəsindən razılığını bildirən qonaq gələn ilin oktyabrında Avstriyada keçirilməsi planlaşdırılan Azərbaycan mədəniyyəti günlərindən danışıb. Qeyd edib ki, mədəniyyət günləri çərçivəsində Azərbaycan musiqisinin, miniatür kitablarının, folklorunun, turizminin təqdimatı, foto və rəsm sərgilərinin təşkili, bu tədbirlərin təkcə Vyanada deyil, eyni zamanda, paytaxta yaxın olan müxtəlif şəhərlərdə keçirilməsi müsbət hadisə olardı. Həmçinin Azərbaycan filmlərinin nümayiş etdirilməsi Avstriya tamaşaçıları tərəfindən maraqla qarşılanar.

Qonaq hələ bir neçə gün Bakıda qalacağını, paytaxtımızın mədəniyyət müəssisələri ilə tanış olacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti