...

Daşkənd İslam Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub (FOTO)

Mədəniyyət Materials 1 May 2015 15:18 (UTC +04:00)
Orta Asiyanın nüfuzlu ali məktəblərindən olan Daşkənd İslam Universitetində yaradılan Beynəlmiləl Tələbə Hərəkatı ilk tədbirini Azərbaycana həsr edib.
Daşkənd İslam Universitetində Azərbaycan mədəniyyəti təqdim olunub (FOTO)

Azərbaycan, Bakı, 1 may /Trend/

Orta Asiyanın nüfuzlu ali məktəblərindən olan Daşkənd İslam Universitetində yaradılan Beynəlmiləl Tələbə Hərəkatı ilk tədbirini Azərbaycana həsr edib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirə Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspor təşkilatı dəstək verib.

Mərasimdə Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycan diaspor təşkilatının əməkdaşları, universitetin müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Daşkənd İslam Universitetinin rektoru Rövşən Abdullayev tələbə hərəkatının ilk tədbirini Azərbaycana həsr etməsinin bu qardaş ölkəyə olan sevgi və hörmətdən irəli gəldiyini qeyd edib. Rektor çıxışında Özbəkistanda Azərbaycanın zəngin mədəniyyətinə böyük maraq olduğunu qeyd edib.

Tədbirdə çıxış edən Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvi, Əlişir Nəvai dövründən başlanan Azərbaycan-Özbəkistan dostluğunun tarixinin qədim dövrlərə təsadüf etdiyini qeyd edib. O, Azərbaycan dövlətinin Özbəkistanla bütün sahələrdə, xüsusilə mədəniyyət sahəsində əlaqələrə xüsusi önəm verdiyini bildirib və Azərbaycanın müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin Özbəkistanla əlaqələrin yaradılmasında müstəsna rolundan danışıb.

Azərbaycan diaspor təşkilatının icraçı direktoru Firdovsi Hüseynov və digər natiqlər tədbirin əhəmiyyəti və iki xalq arasında dostluq münasibətləri barədə çıxış ediblər.

Daha sonra Azərbaycanın son illər əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx nümayiş etdirilib.

Tədbirin bədii hissəsində Azərbaycan Mədəniyyət mərkəzlərinin və Daşkənd İslam Universitetinin birgə hazırladığı musiqi nömrələri, rəqslər və səhnəciklər təqdim edilib. Azərbaycanlı müğənni Rəna Əzizova Azərbaycan mahnılarını, "Azərbaycan qızları" rəqs ansamblı isə milli rəqslərimizi ifa edib, Mukimi adına Özbəkistan Dövlət Musiqili Teatrı Üzeyir Hacıbəyovun "Arşın mal alan" əsərindən səhnələri iştirakçılara təqdim edib.

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə dair suvenirlərin, milli musiqi alətlərinin sərgisi keçirilib, habelə Azərbaycanın son illər əldə etdiyi nailiyyətlər, Özbəkistan-Azərbaycan əlaqələri, ümummilli lider Heydər Əliyev, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti, Dağlıq Qarabağ münaqişəsinə dair kitablar universitetin müəllim və tələbə heyətinin marağına səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti