...

"Axınla aşağı" bədii filmi mükafata layiq görülüb

Mədəniyyət Materials 9 May 2015 13:10 (UTC +04:00)
"Axınla aşağı" bədii filmi SEEfest Film Festivalında “Ən yaxşı tammetrajlı debüt film” mükafatına layiq görülüb.
"Axınla aşağı" bədii filmi mükafata layiq görülüb

Azərbaycan, Bakı, 9 may /Trend/

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında 2014-cü ildə istehsal edilmiş Asif Rüstəmovun "Axınla aşağı" bədii filmi 30 aprel-7 may tarixlərində ABŞ-ın Los Anceles şəhərində keçirələn "SEEfest" Film Festivalında "Ən yaxşı tammetrajlı debüt film" mükafatına layiq görülüb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Amerika kinoakademiyasının dəstəyi ilə keçirilən, Cənubi və Şərqi Avropa ölkələrinin filmlərinin ABŞ-da tanıdılmasına xidmət edən festivalın proqramlarında bu il ümumilikdə 23 ölkəni təmsil edən filmlər yer alıb.

Filmin nümayişində və mükafatların təqdim olunma mərasimində filmin quruluşçu rejissoru Asif Rüstəmov iştirak edib.

Qeyd edək ki, dünya premyerası "Karlovy Vary" Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində "East of the West" müsabiqə proqramında gerçəkləşən "Axınla aşağı" filminin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andrejevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti