Bakı. Trend:
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə Varşavada yerləşən Karol Şımanovski adına musiqi məktəbində Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil olunub.
Səfirlikdən Trend-ə verilən məlumata görə, konsertdə səfir Həsən Həsənov, səfirlik əməkdaşları, K.Şımanovski adına musiqi məktəbinin direktoru Stanislav Halat, musiqi məktəbinin müəllim və şagird heyəti, diaspor üzvləri və polşalı qonaqlar iştirak ediblər.
Konserti giriş sözü ilə açan S.Halat qonaqları salamlayıb və konsertin ərsəyə gəlməsində səfirlik tərəfindən göstərilən dəstək və köməyə, həmçinin məktəbin kitabxanasına hədiyyə olunan Azərbaycan bəstəkarlarının əsərlərinə görə minnətdarlığını bildirib.
Saat yarım davam edən konsert zamanı Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Sevda İbrahimova, Azər Dadaşov, Cavanşir Quliyev və Ceyhun Allahverdiyevin əsərləri musiqi məktəbinin şagirdləri tərəfindən böyük məharətlə ifa olunub.
Konsertin sonunda K.Şımanovski adına musiqi məktəbinin rəhbərliyinə, müəllim və şagirdlərinə Azərbaycan musiqisinin təbliğində göstərdikləri dəstəyə görə təşəkkürünü bildirən səfir şagirdlərin Azərbaycan musiqisi ilə tanışlığının yalnız bu konsertlə kifayətlənməyəcəyinə və gələcəkdə də onların repertuarlarında daimi olaraq Azərbaycan bəstəkarlarının əsərlərinin yer alacağına ümid etdiyini bildirib.