...

Emre Kınayın konsert proqramından unudulmaz anlar (FOTO)

Mədəniyyət Materials 15 Fevral 2016 16:28 (UTC +04:00)
Coxlarımızın filmlərdən tanıdığımız, Türkiyənin teatr-kino aktyoru, ifaçı Emre Kınayın Heydər Əliyev Sarayında konsert proqramı pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.
Emre Kınayın konsert proqramından unudulmaz anlar (FOTO)

Bakı. Trend:

Coxlarımızın filmlərdən tanıdığımız, Türkiyənin teatr-kino aktyoru, ifaçı Emre Kınayın Heydər Əliyev Sarayında konsert proqramı pərəstişkarları tərəfindən alqışlarla qarşılanıb.

Trend-in məlumatına görə, konsertdə sənətçini Özgür Sevincin dirijorluğu ilə "Sinema simfoni" ilə yanaşı, Azərbaycan musiqiçiləri də müşayiət edib.

İfaçı sevilən türküləri və bəstələri səsləndirib. Eyni zamanda "Gəl, ey səhər", "Sən gəlməz oldun" kimi məşhur Azərbaycan mahnılarını ifa edib. Sənətçi konsert boyu ifaları, səmimi söhbətləri və performansı ilə tamaşaçıların ürəyinə yol tapa bilib. Onun hər çıxışı alqışlarla qarşılanıb.

Qeyd edək ki, İstanbulda sənətçi ailəsində anadan olan Emre Kınay 1990-cı ildə Memar Sinan Gözəl Sənətlər Universiteti Dövlət Konservatoriyasına daxil olub. İkinci kursda oxuyarkən müəllimi Zeliha Berksoy tərəfindən teatra dəvət edilib və orada çalışmağa başlayıb. Teatrla yanaşı, bir çox filmlərdə də rol alan Emre Kınay "İlan hekayəsi", "İki ailə", "Günəşi gözləyərkən", "Ah qəlbim", "Günəşin qızları" seriallarında baş rolları canlandırıb. Emre Kınay 2004-cü ildə 23-cü İstanbul Film Festivalında, 2006-cı ildə isə Afife Teatr Ödülləri müsabiqəsində "İlin ən yaxşı aktyoru" mükafatlarını qazanıb. Sənətçi 2005-ci ildə müəllif teatrı olan Duru Teatrını yaradıb.

E.Kınay təkcə filmlərdə, teleseriallarda, teatr səhnələrində yaratdığı obrazlarla sevilməyib, bir ifaçı kimi də həmişə oxuduğu mahnılarla tamaşaçıların zövqünü oxşayıb.

İnformasiya dəstəyi: Trend.az, Day.az və Milli.az

Məqalədə:
Xəbər lenti

Xəbər lenti