...

İndoneziyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Mədəniyyət Materials 11 Sentyabr 2017 14:31 (UTC +04:00)
İndoneziyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək.
İndoneziyada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Bakı. Trend:

İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani Azərbaycanda keçirilən II İndoneziya mədəniyyəti festivalı çərçivəsində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevlə görüşüb.

Bu barədə Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir.

Görüşdə diplomat deyib: “Bakıda festival keçirməyimizin iki səbəbi var. Birincisi, Azərbaycan Prezidenti İlham Əliyev cari ili “İslam Həmrəyliyi ili” elan edib, ikincisi, bu il Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin yaradılmasının 25 illiyi qeyd olunur. Belə bir genişmiqyaslı tədbirin təşkil olunmasını ona görə istəyirdik ki, biz Dağlıq Qarabağ məsələsində Azərbaycan xalqını dəstəklədiyimizi və bu xalqla həmrəy olduğumuzu nümayiş etdirmək istəyirik. İndoneziyanın 270 milyon sakininin hər biri bu tədbir haqqında məlumatlıdır. Onlar hamısı bilir ki, biz bu festivalı Qarabağdan olan qaçqınlara və məcburi köçkünlərə həsr edirik, biz bu insanları da buraya dəvət etmişik”.

Öz növbəsində, Ə.Vəliyev qeyd edib ki, Azərbaycan tərəfi İndoneziyanın bu cür addımlarını çox yüksək qiymətləndirir. Nazir müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi mühüm məsələdə Azərbaycanı dəstəklədiyinə görə İndoneziya hökumətinə təşəkkürünü bildirib: “Biz istərdik ki, Azərbaycanın zəngin mədəniyyəti də İndoneziyada bu cür layiqli səviyyədə təmsil olunsun. İstərdik ki, İndoneziyanın 270 milyonluq əhalisinin bizim mədəni dəyərlərimizlə daha yaxından tanış ola bilməsi üçün sizin ölkədə Azərbaycan Mədəniyyəti Günləri təşkil edək”.

H.Fanani Ə.Vəliyevin bu fikrini dəstəkləyib və İndoneziyada Azərbaycan mədəniyyətinin təqdimatı ilə bağlı tədbirlər təşkil edilməsi üçün istənilən vaxt hər cür dəstək göstərməyə hazır olduğunu bildirib.

Ə.Vəliyev bu ilin sonuna və ya gələn il Novruz bayramına qədər İndoneziyada “Azərbaycan: dünən, bu gün və sabah” devizi altında fotosərgi təşkil olunmasını təklif edib.

Səfir qeyd edib ki, hazırda bu istiqamətdə iş aparılır: “Biz Cakartada Azərbaycan mərkəzi açmaq istəyirik. Bununla əlaqədar mən Cakartada müvafiq məsul şəxslərlə danışıqlar aparıram. Mədəniyyət ölkələrimiz arasında daha bir əlaqələndirici element olacaq”.

Diplomat onu da bildirib ki, hazırda Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən İndoneziya Tədqiqatları Mərkəzi genişlənəcək: “İndoneziya dili təkcə Azərbaycanda deyil, Rusiya, Niderland, Fransa və bir sıra başqa ölkələrdə də öyrənilir. Azərbaycanda tələbələr arasında bizim dili öyrənməyə marağın artması bizə xoşdur. Ölkələrimiz arasında münasibətlər çox yaxşı səviyyədədir, amma hər halda bu əlaqələri daha da genişləndirməyə ehtiyac var”.

H.Fanani iki ölkə arasında turizm əlaqələri məsələsinə də toxunub və bildirib ki, bu il İndoneziyadan Azərbaycana çoxlu turist gəlib: "Məsələn, təkcə bu festivalla əlaqədar İndoneziyadan Azərbaycana 100-dən çox turist gəlib. Onların arasında iş adamları, mədəniyyət və incəsənət xadimləri, ali məktəblərin nümayəndələri də var".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti