...

Onun nuru əbədidir... Bakıda görkəmli rejissor Rasim Ocaqovun 90 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)

Mədəniyyət Materials 23 Noyabr 2023 12:13 (UTC +04:00)
Onun nuru əbədidir... Bakıda görkəmli rejissor Rasim Ocaqovun 90 illiyinə həsr olunan tədbir keçirilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən "Nizami" kinoteatrında Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, Xalq Artisti, SSRİ və Azərbaycan Dövlət Mükafatları laureatı, Şöhrət ordeni kavaleri, görkəmli kinorejissor Rasim Ocaqovun anadan olmasının 90 illiyinə həsr olunan gecə keçirilib.

22 noyabr 2023-cü il tarixində kino Ustadının anadan olmasının 90 ili tamam olur.

Trend Life xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavinləri Murad Hüseynov və Səadət Yusifova, görkəmli ictimai xadimlər, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Gecənin qonaqları arasında tanınmış kino xadimləri, Rasim Ocaqovun həmkarları və dostları da var idi. Tədbir başlamazdan əvvəl onlar öz aralarında səmimi ünsiyyət quraraq "öz" Rasim Ocaqovlarını yada saldılar, görkəmli rejissor, öz işinə, ideal və prinsiplərinə bütün qəlbi ilə sadiq olan Sənətkarla bağlı ən yaddaqalan xatirələrini bölüşdülər.

Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov Trend Life ilə söhbətinə bir şairin əsərlərindən bir sətirlə başladı: "Burada o hələ insan idi. Buradan öz böyük yoluna çıxdı və ulduz oldu. Onun nuru əbədidir..."

"Bu, sanki Rasim Ocaqov haqqındadır", - Rafiq Qəmbərov deyir. "O məşğul olduğu hər sahədə böyük insan idi. Rejissor olmazdan əvvəl Rasim Ocaqov parlaq operator idi. Mənim fikrimcə, onun operator kimi şah əsəri "Bir cənub şəhərində" filmidir. Yadımdadır, mən Moskvada ÜDKİ-ni (indiki S.A.Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutu) bitirdim və bizə dedilər ki, azərbaycanlı rejissor Eldar Quliyiev usta Sergey Gerasimova özünün "Bir cənub şəhərində" filmini göstərir. Onda ilk dəfə Rasim Ocaqovun möhtəşəm operatorluq fəaliyyətini gördüm. Mən onda hələ bilmirdim ki, tale mənə onun beş filmində quruluşçu operator olmaq şansını bəxş edəcək. Mən operator kimi çəkdiyim 16 bədii filmin beşini Rasim Ocaqovla çəkmişəm", - o deyib.

Rafiq Qəmbərov Rasim Ocaqovla ümumilikdə (fasilələrlə) 18 il çalışdıqlarını vurğulayıb.

"Cəmi bir dəfə mən gecikmişdim, o həmin gün çəkilişi təxirə saldı. Mən əvvəlcə bir qədər hiddətləndim: "Rasim müəllim, biz bəzən aktyorları bütün gün gözləyirik, mən isə cəmi 15 dəqiqə gecikmişəm...". O isə belə cavab verdi: "Sən mənim sağ əlimsən, sən geciksən, mən başqalarından nə tələb edim..."

Bir dəfə ona dedim ki, onun ən sevdiyim filmi "Ad günü"dür. Rasim Ocaqov mənə ironiya ilə baxıb dedi: "Ən yaxşı səninlə çəkdiyimiz "Hava məbədi"dir. O məni buna inandırdı. Bilirsiniz, vaxtilə o mənə "Ad günü" filminin operatoru olmağı təklif etdi, lakin mən onda Tofiq İsmayılovla kino çəkirdim, bizim bir seriyalı filmimiz üç seriyalı oldu. Rasim Ocaqov isə bu filmə gözəl operator Zaur Məhərrəmovu götürdü. Kinoya baxanda həmişə düşünürəm ki, kaş o vaxt mən bu film üzərində işləyərdim, lakin bu olmadı...", - deyə Rafiq Qəmbərov əlavə edib.

Dövlət Film Fondunun direktoru, Əməkdar İncəsənət Xadimi, kinorejissor Cəmil Quliyev bildirib ki, Azərbaycan kino tarixində Rasim Ocaqov az sayda rejissorlardan olub ki, sağlığında Sovet və xarici kinoşünaslar onun haqqında çox yazıblar.

"Belə ki, tanınmış kinoşünas Yelena Stişova onun "Tütək səsi" filminin müharibə haqqında ballada olduğunu deyirdi, kinoşünas Arkadi Vaksberq qeyd edirdi ki, "İstintaq" filmi məhz Rasim Ocaqov kimi mərd insan tərəfindən çəkildiyi üçün mərdlik filmidir, kinoşünas Neya Zorkaya Rasim Ocaqovun filmlərinin əbədiyyətə və zamana həsr olunduğunu vurğulayırdı, tanınmış professor və alim Mixail Yampolski isə qeyd edirdi ki, Ocaqovun filmləri böyük araşdırma işi tələb edir və çox sayda kino əlamətlərindən ibarətdir", - Cəmil Quliiyev deyib.

Əməkdar İncəsənət Xadiminin sözlərinə görə, Rasim Ocaqovun filmləri fotoqrafiya orijinallığına görə fərqlənirdi.

"Rasim Ocaqov fotoqrafiyanı sevirdi, bu sevgi isə uşaq vaxtı atası ona fotoaparat hədiyyə edəndə yaranıb. Məhz fotoqrafiyaya sevgi onu ÜDKİ-yə gətirdi. Fotoqrafiyaya sevgi daha sonra operatorluq sənətinə, daha sonra isə resjissorluğa keçdi. Bu səbəbdən Rasim Ocaqovun bütün filmləri çox əsaslı fotoqrafiya orijinallığına malikdir. Bununla yanaşı, Rasim Ocaqovun erkən fillmləri neorealizmlə sıx əlaqəlidir. Rasim Ocaqovun özü həmişə müsahibələrində italyan neorealistlərindən çox şey öyrəndiyini deyirdi", - deyə o qeyd edib.

Rasim Ocaqovun insani keyfiyətlərindən danışan Cəmil Quliyev görkəmli rejissorun çox mehriban və qayğıkeş olduğunu vurğulayıb.

"Rasim Ocaqov Kinomatoqraflar İttifaqına qəbul olunmağımdan ötrü mənim üçün xasiyyətnamə yazdı, bu hələ Sovet illərində olub. Mən bu xasiyyətnaməni indiyədək saxlayıram. Mən ilk filmim olan "Cansıxıcı əhvalat"ı çəkəndə isə onu bədii rəhbərim olmağa dəvət etdim. Rasim Ocaqov mənə filmim üçün çox faydalı olan, çox dəyərli məsləhətlər verdi, o kinolentin materialını çox dərindən hiss etdi. Rasim Ocaqovun məsləhətləri və öyüdləri sayəsində film çox maraqlı alındı", - Cəmil Quliyev deyib.

Tədbirin rəsmi hissəsində Azərbaycanın Respublikası mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti, professor Şəfiqə Məmmədova və Əməkdar incəsənət xadimi, kinooperator Rafiq Qəmbərov çıxış ediblər.

Onlar öz çıxışlarında Rasim Ocaqovun adının kinomatoqrafiya tarixinə qızıl hərflərlə həkk olunduğunu qeyd ediblər. O, filmləri nəinki Azərbaycan, həm də bütün Sovet kinomatoqrafiyası üçün böyük hadisəyə çevrilən parlaq operator və görkəmli rejissor idi.

Çıxış edənlər rejissorun "İstintaq" filmindən danışarkən bu filmin işıq üzü görməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolunu xüsusən qeyd ediblər. Nəticədə bu film SSRİ Dövlət mükafatına layiq görülüb.

Filmdə əsas rollardan birini 22 noyabr 2023-cü ildə anadan olmasının 85 ili tamam olan Xalq Artisti Həsən Məmmədovun ifa etdiyi qeyd olunub.

Daha sonra "İstintaq" filmi (1979-cu il) izləyicilərə təqdim olunub.

Film müstəntiq Seyfi Qəniyevin qalanteriya sexinin rəhbəri Murad Əbiyevin işini necə apardığından və onun bir milyon rubldan çox dövlət vəsaitini mənimsədiyini etiraf etməsindən bəhs edir.

Əbiyev, həmçinin Riqada yeniyetmə qızın ölümündə ittiham olunur. İstintaq anlayır ki, müttəhimin arxasında yüksək vəzifəli şəxslər dayanıb, lakin onların əlində sübut olmur. Lakin o yenə də cinayətkarların layiqli cəzalarını alması üçün müttəhimdən bütün həqiqəti əldə etməyə çalışır.

Ocaqov Rasim Mirqasım oğlu 22 noyabr 1933-cü ildə Şəkidə anadan olub.

1951-1956-cı illərdə Moskvada ÜDKİ-nin kinooperatorluq fakültəsində təhsil alıb. 1956-cı ildə Azərbaycan Teatr İnstitutunu bitirib.

Azərbaycan Dövlət mükafatı laureatı ("Ad günü" filmi), SSRİ Dövlət mükafatı laureatıdır ("İstintaq" filmi).

Rasim Ocaqov kinooperator olaraq "Onun böyük ürəyi", "Əsl dost", "Bizim küçə", "Sən niyə susursan?", "Bir cənub şəhərində" və digər filmlər üzərində işləyib.

Rasim Ocaqovun rejissor kimi çəkdiyi ilk film "Gəncəbasarlı qisasçı" olub.

Rasim Ocaqov milli kino salnaməsinin unudulmaz səhifələri olan əsərlərin rejissorudur. Bunların arasında "Tütək səsi", "Ad günü", "İstintaq", "Bağlı qapı", "Park", "Özgə ömür", "Hava məbədi", "Qətldən yeddi gün sonra", "Həm ziyarət, həm ticarət", "Otel otağı" filmləri var.

Rasim Ocaqov 11 iyul 2006-cı ildə vəfat edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti