Azərbaycan, Bakı, 20 oktyabr /Trend,
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradov seçicilərlə görüşlərini davam etdirir.
Bu günə qədər rayonun Zığ yolu, General Şıxlinski, General Mehmandarov, Neapol, Nəsrəddin Tusi, Məhəmməd Hadi, Qədir Məmmədov, Xudu Məmmədov küçələrində 100-ə yaxın binanın sakinləri ilə görüşlər keçirilib.
10 gün ərzində Xətai ərazisində adıçəkilən ünvanlarda olan Fuad Muradovu görən sakinlər onunla səmimi olaraq görüşüb və namizədliyini dəstəklədiklərini bildiriblər.
Sakinlərlə söhbət edən millət vəkilliyinə namizəd bildirib ki, bu görüşlər sadəcə təbliğat-təşviqat məqsədi daşımır. "Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə iqtisadi, sosial və digər sahələrdə islahatlar aparılır. Bütün bunların da bir ünvanı var, o da Azərbaycan vətəndaşlarıdır. Eyni zamanda bu siyasətə dəstək olaraq bizim də əsas hədəfimiz xalqımıza xidmətdir və Azərbaycanımızı daha da inkişaf etdirməkdir. Odur ki, mən bu günlər ərzində çalışıram ki, hər bir məhəllədə olan, insanlarla görüşüb onları dinləyəm, narahat olduqları məsələlərdən xəbərdar olam. Xətai rayonu ərazisində yaşayan insanlar zəhmətkeş vətəndaşlarımızdır. Sizlər uzun illər ölkəmizin sənayesinin inkişafına öz töhfələrinizi vermisiniz. Müstəqilliyimizin bərpası və onun qorunub saxlanmasında əməyiniz var. Bu rayondan namizədliyimi irəli sürməkdə əsas məqsədim də siz insanların yanında olmaq, sizinlə birlikdə qarşımızda olan məsələlərin öhdəsindən gəlməkdir. Platformamızda (http://www.fmuradov.az/platforma.html) əsas hədəflərimiz göstərilib. İnanıram ki, millət vəkili seçiləcəyim təqdirdə qarşımızda duran məqsədlərimizə nail olacağıq."
Bütün görüşlərdə bir məqam xüsusi olaraq vurğulanıb ki, sosial məsələlərin həlli mümkündür. Əsas məsələ isə Azərbaycanın ərazi bütövlüyünün bərpasıdır. Görüşlərdə iştirak edən veteranlar, müharibə əlilləri, gənclər xüsusi olaraq Fuad Muradovun da platformasında öz əksini tapan torpaqlarımızın işğaldan azad edilməsinin ən başlıca məsələ olduğunu diqqətə çatdırıblar. Qeyd edilib ki, bu gün dövlət və xüsusən də ölkə prezidenti İlham Əliyev tərəfindən ərazi bütövlüyümüzün bərpası üçün siyasi və hüquqi addımlar atılır. Beynəlxalq təşkilatlar qarşısında Azərbaycanın haqlı mövqeyi qaldırılır. Lakin bütün bunlar nəticə vermədiyi təqdirdə hər bir Azərbaycan vətəndaşı Ali Baş Komandanın bir əmrini gözləyir.
Bu günə qədər keçirilən görüşlərdə sakinlər bir sıra problemli, onları narahat edən məsələlərlə bağlı Fuad Muradovu məlumatlandırıblar. Bildirilib ki, binaların zirzəmilərində suların yığılması, məhəllədaxili işıqlandırma və asfalt örtüyü, məhəllələrdə uşaqların əyləncəsi və insanların asudə vaxtını keçirməsi üçün xüsusi məkanlar, binaların daxili istiliyi, liftlərin işləməməsi və yaşıllıqların qorunması əsas problemlərdir.
Qeyd edək ki, 34 saylı Xətai ikinci seçki dairəsindən həmin rayonun sakinləri olan digər namizədlər olan David Pəhlivanov, Nicat Qasımzadə, Fatma Hacıyeva, Mahir Cəfərov, Ləman Hacıyeva namizədliklərini geri götürüblər. Fuad Muradovun seçki platforması ilə tanış olduqdan sonra orada öz əksini tapan məsələlərin Azərbaycanın inkişafına xidmət etdiyini və Xətai sakinləri olaraq onların da əsas istəkləri olduğunu vurğulayan namizədlər bu addımı atmaqla vətənimizin inkişafına dəstək verdiklərini açıqlayıblar. Namizəliyini geri götürmüş David Pəhlivanov və Nicat Qasımzadə könüllü olaraq Fuad Muradovun vəkilidirlər.