...

SSRİ süqut etməmiş üçrəngli bayrağımızın Naxçıvan MR-in Dövlət bayrağı kimi rəsmiləşdirilməsi Heydər Əliyevin siyasi iradəsinin böyüklüyünü bir daha sübut edir

Gündəm Materials 9 Noyabr 2018 20:30 (UTC +04:00)

Bakı. İlhamə İsabalayeva - Trend:

Dövlət bayrağımızın ifadə etdiyi türkçülük, müasirlik və islam ideologiyası bütün Türk dünyasının dəstəklədiyi ideallardır. Bunu Trend-ə AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşir oğlu deyib.

Onun sözlərinə görə, bu dəyərlər ilk dəfə məhz Azərbaycan Dövlət bayrağında bir araya gətirilərək vahid şüar halında ifadə olunub.

E.Mirbəşir oğlu əlavə edib ki, Azərbaycan Xalq Cümhuriyyətindən miras qalmış dövlət bayrağımız bu gün də xalqımızın milli-mənəvi dəyərləri ilə yanaşı, ümumbəşəri ideallara sadiq qaldığını təşviq etməkdədir:

"Xüsusi olaraq qeyd etmək lazımdır ki, Dövlət bayrağı yetmiş illik fasilədən sonra 1990-cı il noyabrın 17-də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi rəsmiləşdirilib. Nəzərə almaq lazımdır ki, həmin dövrdə SSRİ hələ süqut etməmişdi. Bu da Heydər Əliyevin siyasi iradəsinin böyüklüyünü bir daha sübut edir".

E.Mirbəşir oğlu qeyd edib ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu gündən-günə artır, mövqeləri möhkəmlənir: "Müvafiq olaraq, Azərbaycan dövlətinin gücünü və xalqımızın zəngin dəyərlərini, ideallarını, milli birliyini nümayiş etdirən bayrağımız da ən yüksək zirvələrdə dalğalanır. Dövlət bayrağı xalqın, millətin keçmişinin, bu gününün və gələcəyinin güzgüsüdür. Həqiqətən, bayrağı hər bir dövlət və xalqın həyatında ən önəmli amilə çevirən də məhz budur. Əgər milli ideologiya millətin gələcəyinə, inkişaf trendlərinə baxış və ya yanaşmadırsa, bayraq bütövlükdə bu ideologiyanın daşıyıcısı və ifadəsidir".

Alim vurğulayıb ki, hər bir Azərbaycan vətəndaşı dövlət bayrağımızda öz dilini, dinini, mədəni irsini, bir sözlə, milli-mənəvi kimliyini görür: "Deməli, bayrağımız Azərbaycan dövlətinin, Azərbaycan xalqının, hər bir azərbaycanlının milli varlıq fəlsəfəsidir. Onu uca, müqəddəs, milli edən də məhz budur. Dövlət bayrağımız rəsmi olaraq 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin dövlət bayrağı kimi ucaldılsa da, onun ehtiva etdiyi rəmzi məna, milli dəyərlər xalqımızın tarixinin dərinliklərindən qaynaqlanır. Milli bayrağımızda türkçülüyü, islami dəyərləri ifadə etməklə yanaşı, müstəqil Azərbaycan ideyasını da tarixin dərinliklərindən günümüzədək daşıyıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti