...

Tarixi xəritələrin çapı zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır - ETSN

Gündəm Materials 6 Mart 2020 15:29 (UTC +04:00)
Prezident İlham Əliyevin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı irad tutduğu tarixi xəritə ilə bağlı Mədəniyyət Nazirliyinin nümayəndələri ilə danışdım.
Tarixi xəritələrin çapı zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır - ETSN

Bakı. İlhamə İsabalayeva – Trend:

Prezident İlham Əliyevin Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı zamanı irad tutduğu tarixi xəritə ilə bağlı Mədəniyyət Nazirliyinin nümayəndələri ilə danışdım. Onlar da bilmirlər ki, həmin xəritə necə ortaya çıxıb. Xəritə hazır şəkildə internetdən götürülüb və bilməzlikdən muzeyə qoyulub.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) “Geodeziya və Kartoqrafiya MMC”nin direktor müavini Müqabil Bayramov deyib.

Onun sözlərinə görə, xəritələrdə belə yanlışlıqların olması ilk hal deyil:

“Dəfələrlə belə hal müşahidə edilib. Hətta “Geodeziya və Kartoqrafiya MMC” də tərtib olunmayan məktəb atlası hazırlanarkən 1901-ci ilə aid xəritədə Qazax, Tovuz, Ağstafa yanlış olaraq Gürcüstan ərazisi kimi qeyd edilmişdi. Bütün bu səhvlər xəritələri çap etdirənlərin tarixi məlumatsızlığından qaynaqlanır”.

M.Bayramov deyib ki, əslində, yanlış məlumatların yer aldığı xəritələr tərtib edilmir, müxtəlif internet saytlarından götürülərək çap edilir. ETSN tərəfindən tərtib edilən xəritələr isə AMEA Tarix İnstitutunun alimləri ilə birlikdə tarixi mənbələrə əsaslanaraq hazırlanır:

“Azərbaycanın qədim tarixi ilə bağlı bir çox xəritələr çap etdirmişik. Xəritələr müvafiq araşdırmalar aparıldıqdan sonra nəşrə buraxılır. Tarixi xəritələrin çap edilməsi zamanı faktlar müvafiq dövlət qurumları ilə razılaşdırılmalıdır”.

Xatırladaq ki, martın 4-də Tovuzda Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Prezident İlham Əliyev muzeyin eksponatları ilə tanış olduqdan sonra tarixi xəritələrlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədova iradlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti