Bakı. Çingiz Səfərli - Trend:
Ermənilər Azərbaycan xalqının mədəni irsinə qarşı törətdikləri cinayətə görə təzminat ödəməli və tarixi toponimlərimizi bərpa etməlidirlər.
Bunu Trend-ə müsahibəsində AMEA-nın Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov deyib.
Həmin müsahibəni təqdim edirik:
- Yer adlarımızın dəyişdirilməsinə nə zamandan başlanılıb?
- Toponimlərin dəyişdirilməsinə 1828-ci ildə "Türkmənçay" müqaviləsindən sonra başlanılıb. Müqavilə fevralın 10-da imzalanıb və təxminən 1 ay sonra, 1828-ci ilin martın 21-də çar I Nikolayın əmri ilə İrəvan və Naxçıvan xanlıqlarının ərazisində Erməni vilayəti adlı inzibati ərazi vahidi yaradılıb. Bu, Çar Rusiyasının Cənubi Qafqazın işğalı ilə bağlı yeritdiyi siyasətin ümumi nəticəsi idi. Amma bu, uzun çəkmədi 1840-cı ildə yeni ərazi dəyişikliyi aparıldı və bu ad dəyişdirilərək, 1849-cu ildən İrəvan quberniyası adı ilə adlandırılmağa başlandı. İndiki kimi Yerevan deyil, məhz İrəvan...
Bu proses 1918-ci ilə qədər davam edib. 1918-ci il mayın 29-da Azərbaycan Xalq Cümhuriyyəti İrəvan şəhəri və ətrafındakı 9 min kvadrat kilometr ərazini ermənilərə güzəştə getdikdən sonra adların dəyişdirilməsi prosesi davam etdirilib. Bizim apardığımız tədqiqatlar nəticəsində aydın olub ki, 1918-ci ilin mayın 29-dan 1920-ci ilin noyabrın 29-na qədər güzəştə gedilən ərazidə bizim 17 toponimimiz dəyişdirilib.
- Təbii ki, bu proses sovet dönəmində də aparılıb.
- Bəli, Sovet Rusiyası Daşnak Ermənistanı özünə tabe etdikdən sonra proses davam edib və 1935-ci ilin sonuna qədər daha 11 toponimin adı dəyişdirilib. Sonrakı mərhələdə isə başda İrəvan şəhəri, Göyçə gölü olmaqla adların kütləvi şəkildə dəyişdirilməsinə başlanılıb və bu, 91-ci ilin sonuna qədər davam edib. 1991-95-ci illərdə də müvafiq dəyişikliklər edilib.
- Ümumilikdə nə qədər toponimimiz dəyişdirilib?
- Bütövlükdə 800-dən çox iri yer adları dəyişdirilib. Bura şəhər, qəsəbə və kəndlər daxildir. Bizim əldə etdiyimiz sənədlər ilk növbədə Daşnak Ermənistan Respublikasının, o cümlədən Ermənistan SSR Ali Sovetinin qəbul etdiyi qərarlara söykənir.
- Tarixi faktlara söykənən bu hadisələr kitab şəklinə salınıbmı?
- Bu məsələ bizim institutun keçmiş əməkdaşı, indi Prezident Administrasiyasının kitabxanasında şöbə müdiri vəzifəsində çalışan tarix üzrə fəlsəfə doktoru Nazim Mustafa və həyatının 50 ildən çoxunu İrəvanda keçirən mərhum alimimiz İsrafil Məmmədov tərəfindən araşdırılıb və 2006-cı ildə kitab halına salınıb. Nazim müəllim bu işə 1999-cu ildə başlamışdı. Kitabda 668 adın dəyişdirildiyi öz əksini tapıb. Nəşr tamamilə sənədlər əsasında hazırlanıb və adların hansı qərarla dəyişdirildiyi burada öz əksini tapıb.
- Cəbi müəllim, cənab Prezident İlham Əliyev Qarabağa və Şərqi Zəngəzura sonuncu səfəri zamanı da bu məsələyə toxunmuş və toponimlərimizin bərpa olunması ilə bağlı fikirlər səsləndirmişdi. Bu məsələdə tarixçilərimizin üzərinə də böyük yük düşür.
- Cənab Prezident beynəlxalq konfrans və yaxud forumlarda, həmçinin Nazirlər Kabineti çərçivəsində iclaslarda çıxışı zamanı Qərbi Azərbaycan, İrəvan, ətraf ərazilər, Göyçə gölü və xüsusən də Zəngəzur məsələsini heç vaxt unutmayıb. Həmişə bu məsələləri qeyd edib və sözünün sonunda “İrəvan Azərbaycan şəhəridir”, “Zəngəzur tarixi Azərbaycan torpağıdır” ifadələrini işlədib və bizim bu yerlərə qayıdacağımızı qeyd edib. Bu məzmunda son çıxışı Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı oldu. Çox ətraflı və sərt şəkildə çıxış etdi. Hətta çıxışında belə bir fikir işlətdi ki, əvvəlki toponimlər necə idisə, elə də adlanmalıdır. Vardenis yox Basarkeçər. Tam haqlıdır. Həmçinin Zəngibasarın adını dəyişdirib Razdan, Şəmşəddil vilayətinin adını Tavuş qoyublar. Bir-iki deyil. Burda olan bütün toponimlər məqsədyönlü şəkildə dəyişdirilib.
- Ermənilər hətta hazırkı paytaxtları olan tarixi Azərbaycan şəhəri İrəvanın da adını dəyişib və tarixi saxtalaşdırıblar.
- Bəli, fikri yayındırmaq üçün guya bu şəhərin əsasının 2800 il bundan əvvəl qoyulduğu iddiasını ortaya atıblar. Tarix onların bu yalanını ifşa etdi. Çünki elə bir yazılı mənbə yoxdur. İrəvan şəhərinin tikilmə əmri 1502-ci ildə Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayıl Səvəfi tərəfindən verilib. Öncə qala tikilib, şəhərin salınmasına isə 1509-cu ildən başlanılıb. Ona görə də ermənilər 1918-ci ildə bu şəhəri ələ keçirərək, hüquqi məkan qazandıqdan sonra sovet hakimiyyəti illərində, konkret olaraq 1924-cü ildən başlayaraq şəhərin dağıdılması prosesinə başlanılır. 1935-ci ildə adı dəyişdirilərək Yerevan edilib. Sovet İmperiyasının sonuna qədər şəhərdə bircə Göy məscid saxlanılıb. Onu da İranın məlum dairələrini, Azərbaycan xalqına düşmən kəsilən dairələrini dəvət edərək, fars məscidi kimi təmir etdiriblər. Həmçinin Cəfərabadda yerləşən türbəni də Türkmənistanın nümayəndələrini dəvət edərək türkmənlərə əlaqələndiriblər. Məsələ burasındadır ki, orta əsr mənbələrində Azərbaycan Ağqoyunlu və Qaraqoyunlu dövlətində tayfaların adı türkman adlandırılıb. Bunun indiki türkmənlərlə heç bir əlaqəsi yoxdur.
- “Google maps” və digər elektron xəritələrdə də yer adlarımızın təhrif olunduğunun şahidi oluruq. Bu istiqamətdə hansı fəaliyyətləriniz olub?
- “Google” rəhbərliyində ermənilərin təcavüzünü məxfi olaraq dəstəkləyən qüvvələr var. Biz toponimləri düzəliş etməyə cəhd göstərəndə, sistem icazə vermirdi. İndiyə qədər çox sayda düzəliş vermişik. Amma qəbul olunmayıb. Hesab edirəm ki, bunun səbəbi “Google” kimi şirkətlərin erməniləri dəstəkləyən iri dövlətlərin nəzarətində olmasıdır. 2014-cü ildə milli atlas çap olunmuşdu. Bu elə bir nəşrdir ki, bir millətin, xalqın pasportu rolunu ornayır. Biz ora 70 xəritə vermişik. O xəritələrdə bizim bütün tarixi ərazilərimiz öz əksini tapıb. Ermənilər hətta bizim işğal edilən ərazilərimizin də adlarını dəyişdirmişdilər. Cənab Prezident çıxışında çox kəskin şəkildə bu məsələyə də münasibət bildirmişdi. Bütün bunlar cinayətdir. Xüsusən də BMT-nin mədəniyyət məsələlərinə baxan UNESCO adlı təşkilatın qəbul etdiyi konvensiyaların kobud şəkildə pozulmasıdır. Hesab edirəm ki, ermənilər Azərbaycan xalqının mədəni irsinə qarşı törətdikləri cinayətə görə, təzminat ödəməli və tarixi yer adlarımız bərpa olunmalıdır. Cənab Prezident çıxışında dedi ki, o ərazilər bizim tarixi torpaqlarımızdır və biz ora qayıdacağıq. Bir tədqiqatçı alim kimi mən ona güvənir və inanıram.
Twitter:@cingizsafarli