Bakı. Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Nizami rayonunda anasını qətlə yetirməkdə ittiham olunan 2007-ci il təvəllüdlü İdeal Məmmədzadənin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Trend-in məlumatına görə, bu gün hakim Rasim Sadıxovun sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror qeyd edib ki, İdeal Məmmədzadə qətli 14 yaşına törədib və hazırda 15 yaşı var. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi, nənəsi ilə barışıb, ona qarşı şikayəti yoxdur.
Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 7 il 6 ay azadlıqdan mərhum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili məhkəmədən vaxt istəyib.
Növbəti proses fevralın 2-nə təyin olunub.
İttihama görə, ötən il aprelin 20-də saat 12 radələrində paytaxtın Nizami rayonu ərazisində 1985-ci il təvəllüdlü Ülviyyə İsmayılovanın aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, İdeal Məmmədzadə qısqanclıq zəminində metronun “Neftçilər” stansiyasının yaxınlığında anası Ülviyyə İsmayılova ilə mübahisə edib. Mübahisə zamanı o, anasını bıçaqlayaraq öldürüb.
İstintaq orqanı tərəfindən İdeal Məmmədzadənin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.