...

Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 12 Aprel 2023 14:05 (UTC +04:00)
Füzulidə Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası keçirilib (FOTO) (ƏLAVƏ OLUNUB)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Füzuli. Trend:

Füzuli Beynəlxalq Hava Limanının inzibati binasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun iclası keçirilib.

Trend-in bölgə müxbiri xəbər verir ki, iclasda işğaldan azad edilmiş Füzuli şəhərində aparılan tikinti-quruculuq fəaliyyəti ilə əlaqədar layihələndirmə işləri, Mərkəzi Parkın layihələndirilməsi, “ağıllı kənd” konsepsiyası ilə bərpa olunan Dövlətyarlı kəndində aparılan tikinti-quruculuq işləri, Füzuli şəhərinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi, rayonda ilkin mərhələdə bərpa ediləcək yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatı, “Köndələnçay” su anbarının yenidən qurulması və digər məsələlər üzrə görülən işlər müzakirə olunub.

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Nüsrət Süleymanov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin şöbə müdiri İlham Süleymanov, “Azərişıq” ASC-nin Texniki departamentinin direktoru Vüsal Qənbərov, “Azərsu” ASC-nin Planlaşdırma və layihələndirmə departamentinin rəisi Bahadır Kəngərli, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin İnvestisiyalar və layihələrin idarə olunması şöbəsinin baş məsləhətçisi Elmar Orucov və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Çıxışlarda şəhərin Baş planı barədə məlumat verilib, nəzərdə tutulan işlər diqqətə çatdırılıb. Bildirilib ki, işğaldan azad olunmuş Füzuli şəhərinin müfəssəl həllərlə inteqrə edilmiş Baş planı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə bu sahədə uzunmüddətli və böyük təcrübəyə malik Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanıb. İşğaldan azad edilmiş ərazilərin Ümumi Planına uyğun olaraq işlənilmiş Füzuli şəhərinin Baş planı 2040-cı ilə qədərki inkişaf dövrünü əhatə edəcək.

Sənədə əsasən şəhərdə müxtəlif nəqliyyat növləri arasında rahat əlaqələndirmə imkanlarının təmin edilməsi, şəhərdaxili ərazilərdə fərdi avtonəqliyyat vasitələrindən istifadənin azaldılması, mühərriksiz nəqliyyat vasitələrindən istifadə, müxtəlif sosial-iqtisadi qruplar üçün uyğun mənzil imkanları, velosiped və piyada yollarının qurulması, təbiət əraziləri ilə vəhdətdə inkişaf edən şəhər strukturunun formalaşdırılması, kommunal xidmətlər də daxil olmaqla yüksək keyfiyyətli xidmət obyektlərinin yaradılması hədəflənib. Həmçinin, əhalinin istirahət və ayləncə ehtiyacları üçün baş planda bir-biri ilə əlaqələndirilmiş yaşıllıq əraziləri və açıq məkanlar, güclü sosial həyat, mənəvi dəyərə malik obyektlər və mədəniyyət təsisatları nəzərdə tutulub.

Baş planda Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50000 nəfərə çatacağı nəzərdə tutulur. Sənəddə rahat və müasir həyat şəraitinin təmin edilməsi üçün orta və azmərtəbəli yaşayış binalarının, həyətyanı torpaq sahələri olan fərdi yaşayış evlərinin layihələndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri, rekreasiya və digər təyinatlı zonaların yaradılması təklif edilir.

Yaşayış ərazilərinin sıxlıqlarının müəyyənləşdirilməsində proqnozlaşdırılan əhali sayı ilə bərabər təklif edilən digər şəhər xidmətlərinin yerləşməsi də nəzərə alınıb. Məşğulluğun və sosial xidmətlərin təmini üçün şəhərdə 9 ümumi və orta təhsil müəssisəsi, 13 məktəbəqədər təhsil müəssisəsi, peşə təhsili müəssisəsi, internat tipli musiqi məktəbi, xəstəxana, idman və sağlamlıq mərkəzi, mədəniyyət mərkəzi, inzibati mərkəz, idman kompleksinin inşası, Qələbə və Memorial park, 6 məhəllə parkı və şəhər meydanının, ərazisi 150 hektardan çox olan eko parkın salınması planlaşdırılıb.

Baş planda Füzuli şəhərinin dayanıqlı inkişafı, ağıllı həllər əsasında qurulması və insanların sağlam həyatını təmin etmək üçün ən müasir şəhərsalma yanaşmaları tətbiq edilib. 2030-cu ilədək dayanıqlı inkişaf üçün 4 əsas istiqamət seçilib: idarəetmə, iqtisadiyyat, sosial rifah, ətraf mühit.

Sənəddə sakinlərinin və sahibkarların rifahı üçün rəqəmsal həllərdən istifadə etməklə ənənəvi şəbəkələrin və xidmətlərin daha səmərəli edilməsi məqsədilə “ağıllı şəhər” yanaşması irəli sürülüb. Bu yanaşmada elektron idarəetmə sistemlərinə tam keçid, müasir texnologiyalar üzrə peşəkar kadrların hazırlanması, yaşayış evləri, təhsil, səhiyyə və digər xidmətlər sisteminin optimal əlaqələndirilməsi və digər mühüm mövzular öz əksini tapır.

Digər yanaşma - “Blue Zone” isə insanların sağlam və uzunömürlü yaşaması üçün şəraitin yaradıldığı şəhər hissələridir ki, bu sahələrdə şəhər parkı da daxil olmaqla böyük açıq və yaşıllıq ərazilər yerləşdirilib. Şəhərin digər hissələri ilə bu ərazi arasında olan əlaqələr yaşıl koridorlar vasitəsilə təmin edilib.

Baş plan çərçivəsində şəhərə bütün istiqamətlərdən giriş-çıxışı təmin edən nəqliyyat şəbəkəsi qurulacaq, ərazi 3 dairəvi avtomobil yolu vasitəsilə yığcam formada planlaşdırılacaq, ictimai nəqliyyatın hərəkətinə üstünlük verilməsi üçün uyğun küçə-yol şəbəkəsi formalaşdırılacaq, təbii çayların, su hövzələrinin mühafizə zonalarında geniş rekreasiya əraziləri təmin ediləcək, şəhərin tarixi irsinin tərənnüm etdirilməsi məqsədilə şəhər ərazisində Qələbə parkı, M.Füzuli Meydanı, Memorial parkın yaradılması nəzərdə tutulur və yaşıl zolaqlar vasitəsilə bu ərazilər bir-biri ilə əlaqələndiriləcək, məşğulluq əraziləri şəhərin şərq tərəfində, hava limanının mühafizə zonasının daxilində yerləşdiriləcək.

Müzakirələrdən sonra ərazidə aparılan bir sıra tikinti-bərpa işləri ilə tanışlıq olub. Qazaxıstan tərəfindən inşa edilən Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinə, şəhər mərkəzdə tikilən çoxmənzilli binalara, həmçinin Özbəkistan tərəfindən inşa olunan 960 şagird yerlik orta məktəb binasında aparılan işlərə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti