Bakı. Trend:
Trend BİA və DHA-nın yeni birgə layihəsinin hər birimiz üçün uğurlu olacağını düşünürəm.
Trend xəbər verir ki, bu barədə "Dəmirören Digital Group"un baş redaktoru Gülgün Bostancı Yavuz “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.
"Dünyanın doğru informasiyaya ehtiyac duyduğu bu dövrdə əməkdaşlığımızın çox qiymətlidir. Bu, ilk addımdır. İnanıram ki, bundan sonra da əməkdaşlığımız fərqli layihələrdə davam edəcək. Əlimizdən gələn dəstəyi göstərməyə davam edəcəyik", - deyə o əlavə edib.
Xatırladaq ki, “Demirören Holding”in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq. Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, “DHA”-nın baş direktoru Cəlal Korkut, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də, Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.