Azərbaycan, Bakı, 24 sentyabr /Trend, müxbir Rufiz Hafizoğlu/
Suriyada terrorçulara qarşı keçirilən hərbi əməliyyat zamanı Türkiyə vətəndaşı, "Cəbhət ən-Nüsra" terror təşkilatının liderlərindən biri olan Ümit Yaşar Toprak öldürülüb. Trend xəbər verir ki, bu barədə çərşənbə günü Türkiyənin "Milliyyət" qəzeti məlumat verir.
Toprak terrorçular arasında Əbu Yusif Əl Türki adı ilə tanınırdı.
Əvvəllər Toprak ABŞ-ın sabiq dövlət başçısı Corc Buşun 2004-cü ildə Türkiyəyə səfəri zamanı ona qarşı sui-qəsdin hazırlanmasında şübhəli bilinirdi.
Sentyarın 23-də Pentaqonun rəsmi nümayəndəsi Con Kirbi bəyan edib ki, ABŞ "İslam Dövləti" qruplaşmasının Suriyadakı mövqelərinə aviazərbələr endirməyə başlayıb.
Sentyabrın 11-də Prezident Barak Obama "İslam Dövləti" terror təşkilatının yaraqlıları ilə mübarizə strategiyasını elan edib. O qeyd edib ki, hazırda yerüstü əməliyyatlar planlaşdırılmır. Lakin aviazərbələr təkcə İarqda deyil, Suriyadakı terrorçulara da endiriləcək.
Dünən ABŞ HHQ "İslam Dövləti" qruplaşmasının Suriya və İarqdakı mövqelərinə yenidən havadan zərbələr endirib.