Azərbaycan, Bakı, 27 oktyabr /Trend/
Gədəbəydə cibgirliklə məşğul olan şəxs saxlanılıb.
Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Gəncə sakini 40 yaşlı Alim Məmmədov oktyabrın 25-i səhər saatlarında Gədəbəy rayonu ərazisindəki mal bazarına gələrək oradakı qiymətlərlə maraqlanıb. Cibində pulu olmayan A.Məmmədovun məqsədi mal-qara almaq olmayıb. O, bir qədər sonra Kamil Məmmədovun cibinə xeyli miqdarda pul qoyduğunu görüb. "Qəhrəman" qısa zaman kəsiyində həmin vəsaiti cibgirlik yolu ələ keçirib. Ancaq polis A.Məmmədovu elə bazarın içində saxlayaraq şöbəyə gətirib.
Müstəntiq Şahin Rzayev deyib: "Goranboy rayon sakini, hazırda Gədəbəydə yaşayan Kamil Məmmədovun cibindən 1382 manat pulu oğurlayan Gəncə sakini Alim Cabir oğlu Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə baxış zamanı oğurladığı pul maddi sübut kimi götürülüb".
Əvvəllər oğurluq və narkotik vasitələrin istifadəsinə görə 5 dəfə məhkumluq həyatı yaşayan A.Məmmədov dəfələrlə bu cür əməllər törətdiyini deyir. Ancaq adəti üzrə bu cür əməlləri paytaxtətrafı ərazilərdə törədib. Gədəbəyi seçməkdə məqsədi isə polisin gözündən yayınmaq olub.
Saxlanılan şəxs A.Məmmədov deyib: "Mən sonuncu dəfə Gədəbəydə 2001-ci ildə olmuşam. Səhər Gəncədən çıxıb Gədəbəyə çatdım. Mal-heyvan bazarında bir qədər gəzəndən sonra bu şəxsə gözüm sataşdı və pulu ələ keçirdim. Ancaq kənardan hiss etdim ki, bir nəfər gördü və səs-küy saldı. Elə düşünürdüm ki, Gədəbəy bir az uzaq yerdir, orada daha çox pul əldə etmək olar. Ancaq istədiyim olmadı".
Faktla bağlı Gədəbəy rayon Polis şöbəsində cinayət işi başlanıb, istintaq aparılır. A.Məmmədovun əməllərindən zərərçəkənlərin sayının artacağı istisna olunmur.