Bakı. Samir Əli - Trend:
Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilən Elxan İsgəndərov və Əbülfəz Bünyatovun barəsində cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Əbülfəz Bünyatov məhkəməyə təcili yardımla gətirilib.
Prosesdə çıxış edən dövlət ittihamçısı E.İsgəndərovun 14 il, Ə.Bünyatovun isə 15 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.
Həmçinin prokuror Ə.Bünyatovun məhkəmə zalından həbs edilməsini istəyib.
Prosesdə çıxış edən təqsirləndirilən şəxslərin vəkilləri müvəkkillərinə bəraət istəyib.
Təqsirləndirilən şəxs Ə.Bünyatov çıxışında günhasız olduğunu deyib.
Proses iyulun 11-də davam edəcək.
Qeyd edək ki, Elxan İsgəndərova Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3, 214-2, 220.2, 228.3, 228.4, 233, 278, 279.1, 281.2, 283.2.3 və 315.2-ci maddələri ilə ittiham elan edilib. O, 5 noyabr 2015-ci ildə Sabunçu rayon Polis İdarəsinin qarşısında baş verən hadisələr zamanı həbs olunaraq Sabunçu rayon Məhkəməsinin qərarı ilə 15 gün müddətinə inzibati həbs olunub. Sonradan Sabunçu rayon prokurorunun protesti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Sabunçu rayon məhkəməsinin qərarı ləğv olunaraq, onun əməllərində cinayət tərkibinin olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə iş Sabunçu rayon prokurorluğuna göndərilib.
Elxan İsgəndərov axtarışda olduğundan 15 mart 2017-ci ildə polis əməkdaşları tərəfindən həbs olunub və barəsində həbs qətimkan tədbiri seçilib.