Bakı. Samir Əli - Trend:
Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan 8 nəfərdən 2-si reanimasiyaya yerləşdirilib.
Bunu Trend-ə açıqlamasında Stavropoldakı Azərbaycan diasporunun rəhbəri Fəxrəddin Yarıyev deyib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan digər 6 nəfər isə xəstəxananın travmotologiya şöbəsindədir: "Həkimlərin dediyinə görə, xəsarət alanların həyatı təhlükəsi yoxdur. Müalicə dövlət səviyyəsində nəzarət altında davam etdirilir. Sabah xəstələrdən 2-i Stovropol Xəstəxanasına köçürüləcək".
Xatırladaq ki, Rostov-Bakı marşrutu ilə hərəkət edən sərnişin mikroavtobusu noyabrın 4-də axşam saat 19:10 radələrində qəzaya uğrayıb. Qəza Budyonovski yaxınlığında Blaqodarnıy qəsəbəsində baş verib. Hadisə nəticəsində 8 azərbaycanlı xəsarət alıblar.
Qəzanın hansı şəraitdə və hansı səbəbdən baş verməsi hələ məlum deyil.