Bakı. Trend:
Kanadalı paleontoloqlar tirannozavrlarla eyni ailəyə mənsub olan və təxminən 80 milyon il əvvəl yaşamış yeni dinozavr növü aşkar ediblər.
Trend xəbər verir ki, bu barədə ABC teleşirkəti məlumat yayıb.
Yeni növə “Khankhuuluu mongoliensis” adı verilib. Onlar kiçik ölçülü tirannozavrlar hesab olunur. Alimlərin fikrincə, bu dinozavrlar təxminən 770 kiloqram çəkidə və 4 metr uzunluqda olublar.
ABC-nin məlumatına görə, bu növə aid iki skeletin qalıqları hələ 1970-ci illərdə Monqolustanın Qobi səhrasında aşkar edilsə də, o vaxtlar bu qalıqlar fərqli bir növə aid hesab edilmişdi. Həmin daşlaşmış sümüklər yalnız 2023-cü ildə təkrar araşdırılıb və yeni növ olaraq təsdiqlənib.
Kalqari Universitetinin təbiət elmləri üzrə dosenti bildirib ki, bu kəşf tirannozavrların təkamül prosesi və onların Təbaşir dövrünün son mərhələsində yayılma coğrafiyası barədə anlayışlara mühüm töhfə verir.