Azərbaycan, Bakı, 19 fevral / Trend , müxbir Ü.Sadıxova/
"Xocalıya ədalət" kampaniyasının əsas siyasi məqsədi - Xocalı faciəsini beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanıtmaqdır. İKT Gənclər forumunun baş katibi Elşad İskəndərov belə hesab edir.
Bunun üçün Xocalı faciəsinin növbəti illiyi ərəfəsində kampaniyanın saytında xüsusi ərizə hazırlanıb və hər bir kəs onun vasitəsilə dövlət müəssisələrinə, beynəlxalq təşkilatlara və dövlət başçılarına Xocalı faciəsi haqqında məktub göndərə bilər. İsgəndərov cümə günü Trend BİA-nın mətbuat mərkəzində keçirilən mətbuat konfransında deyib.
İskəndərovun sözlərinə görə, fevralın 25-də Londonda parlament qarşısında səmaya Xocalı faciəsi qurbanlarının adları olan 613 şar buraxılacaq. Amsterdam, Brüssel, Vyana, Vilnyus, Mexiko, Paris, Moskva və Los Ancelsdə də tədbirlər keçiriləcək.
Mərkəzi meydanlarda azərbaycanlı qaçqınların simvolu kimi çadırlar qurmaq planlaşdırılır. Londonda Temza sularında bütün gün ərzində faciə qurbanlarının xatirəsinə gəmi üzəcək.
1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri tərəfindən yeddi min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirilib. Əhalinin xeyli hissəsi 4 aydan artıq zaman ərzində mühasirədə olduğundan Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız üç minə yaxın insan qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.
"Xocalıya Ədalət" beynəlxalq informasiya və təşviqat kampaniyası ("Justice for Khodjaly") 2008-ci il mayın 8-də İKT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən dialoq və əməkdaşlıq məqsədilə təsis edilib.