...

Azərbaycanın hakim partiyası Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsinə etiraz edib

Ermənistan-Azərbaycan münaqişəsi Materials 19 May 2010 19:00 (UTC +04:00)
Azərbaycanın hakim partiyası ATƏT-in Minsk qrupu həmsədrlərinə Dağlıq Qarabağda "parlament seçkiləri" ilə bağlı etiraz məktubu göndərib.
Azərbaycanın hakim partiyası Dağlıq Qarabağda "parlament seçkiləri"nin keçirilməsinə etiraz edib

Azərbaycan, Bakı, 19 may /Trend, A.Hüseynbala/

Azərbaycanın hakim partiyası ATƏT-in Minsk qrupu həmsədrlərinə Dağlıq Qarabağda "parlament seçkiləri" ilə bağlı etiraz məktubu göndərib.

"Yeni Azərbaycan Partiyası ATƏT-in Minsk qrupunun həmsədrlərinə Dağlıq Qarabağdakı erməni separatçı rejimi tərəfindən may ayının 23-də keçirilməsi nəzərdə tutulan "parlament seçkiləri" ilə əlaqədar etiraz məktubu göndərib", - bu barədə Trend-ə hakim partiyanın mətbuat xidmətindən bildirilib.

Məktubda qeyd edilir ki, sübut etməyə ehtiyac yoxdur ki, işğal olunmuş bir ərazidə heç kim tərəfindən tanınmayan separatçı qurumun seçki keçirməsi beynəlxalq hüququn norma və prinsiplərinə daban-dabana zidd olub, legitim sayıla bilməz.

"Dünyanın heç bir ölkəsi və beynəlxalq təşkilatı tərəfindən tanınmayan sözügedən separatçı qurumun mövcudluğu Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinin birbaşa nəticəsidir. Təəssüf hissi ilə qeyd edirik ki, BMT Təhlükəsizlik Şurasının dörd məlum qətnaməsinə, Avropa Şurası və ATƏT-in müvafiq qərarlarına, Minsk qrupunun səylərinə baxmayaraq, 20 ildən çoxdur təcavüzkar Ermənistan Azərbaycan ərazilərini hələ də işğal altında saxlayır", - hakim partiya vurğulayıb.

Məktubda bildirilir ki, Dağlıq Qarabağ separatçı rejiminin təşkil etdiyi sözügedən "seçki kampaniyası", əslində, beynəlxalq ictimaiyyətin nəzərində qondarma quruma legitimlik qazandırmaq cəhdindən başqa bir şey deyil. "Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının suverenliyinə birbaşa təcavüz xarakteri daşıyan bu hərəkət hazırda Dağlıq Qarabağ münaqişəsi ətrafında gedən sülh danışıqlarına ciddi şəkildə mane olur və xoşməramlı məqsədlərə xidmət göstərmir", - məktubda əlıavə olunur.

Qondarma rejim tərəfindən həyata keçirilən "seçki"nin münaqişənin həlli istiqamətində danışıqlar prosesinə mənfi təsir göstərəcəyini bildirilən məktubda qeyd edilir ki, Yeni Azərbaycan Partiyası separatçı rejimin növbəti "seçki" təxribatını qəti şəkildə pisləyir; bu əməlləri danışıqlar prosesinə ciddi əngəl hesab edir və ATƏT-in Minsk qrupunun həmsədrlərindən bu məsələyə obyektiv münasibət bildirmələrini gözləyir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

YAP 1992-ci ildə о vаxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 16 ildir hakim partiya olan YAP-ın indiki sədri Prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti