Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir M.Əliyev/
Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün mütləq BMT, onun Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlər etməlidir. Trend-in məlumatına görə, bunu Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumunda çıxışı zamanı Azərbaycan Parlamentinin deputatı Qənirə Paşayeva bildirib.
"Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün mütləq BMT, onun Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar və beynəlxalq ictimaiyyət Ermənistana təzyiqlər etməlidir. Çünki bu ölkə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrin heç birini yerinə yetirmək istəmir və beynəlxaq təşkilatlar və ictimaiyyət bu məsələyə laqeyid baxmamalı və onların yerinə yetirilməsi istiqamətində öz təzyiq mexanizmlərinə əl atmalıdırlar", - Paşayeva deyib.
Qətərin paytaxtı Dohada keçirilən 10-cu Doha Forumu öz işini başa çatdırıb. Forumun sonuncu günündə münaqişələr və təhlükəsizlik mövzusu müzakirə olunub.
Paşayeva forum iştirakçılarına Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Ermənistanın BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymaraq işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməməsi və 1 milyon azərbaycanlının öz evinə dönməsinə imkan verməməsi barədə məlumat verib.
Bundan sonra çıxış edən Türkiyə diplomatı, Milli İstihbarat Təşkilatının (MİT) sabiq rəhbəri Sönməz Koksal Azərbaycanın mövqeyini müdafiə edib. O, deyib ki, Türkiyə həmişə olduğu kimi bundan sonra da Azərbaycanı müdafiə edəcək. Çünki Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və işğal etdiyi ərazilərdən çəkilməlidir. Türkiyənin bu problemin həlli istiqamətində atdığı addımlardan və səylərindən danışan Koksal münaqişənin tənzimlənməsində vasitəçi olan güclərin və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində fəallıqlarının artırılmasının vacibliyini vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.